Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin uğuru təkcə siyasi və iqtisadi maraqlarla deyil, həm də xalqlar arasında mövcud olan tarixi, mədəni və mənəvi əlaqələrlə ölçülür. Azərbaycan və Özbəkistan münasibətləri bu baxımdan xüsusi diqqət çəkən nümunələrdən biridir. İki qardaş xalqı birləşdirən ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlər son illərdə dövlətlərarası münasibətlərin də yeni mərhələyə yüksəlməsinə imkan yaradıb.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan əlaqələrinin hazırkı vəziyyətini, gələcək perspektivlərini və bu münasibətlərin regional əhəmiyyətini dolğun şəkildə nümayiş etdirir. Bakı ilə Daşkənd arasında münasibətlər artıq klassik dostluq və tərəfdaşlıq çərçivəsini aşaraq hərtərəfli müttəfiqlik səviyyəsinə yüksəlib.
Azərbaycan–Özbəkistan əlaqələrinin bugünkü səviyyəyə çatmasında dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimad mühüm rol oynayır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında yaranmış səmimi münasibətlər, müntəzəm görüşlər və qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə şərait yaradıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfərləri çərçivəsində imzalanmış sənədlər münasibətlərin tarixində yeni səhifə açıb. “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib. Bu sənədlər Azərbaycan və Özbəkistanın gələcək inkişaf strategiyalarında bir-birini vacib tərəfdaş kimi gördüyünü nümayiş etdirir. Müttəfiqlik münasibətləri statusu iqtisadi əməkdaşlığın, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin, beynəlxalq təşkilatlarda koordinasiyanın və humanitar əlaqələrin daha da genişlənməsinə imkan yaradır.
Ali Dövlətlərarası Şura Azərbaycan–Özbəkistan münasibətlərinin institusional inkişafında mühüm addım kimi qiymətləndirilir. Bu mexanizm iki ölkə arasında strateji əməkdaşlığın koordinasiyasını təmin edir, uzunmüddətli prioritetləri müəyyənləşdirir və həyata keçirilən layihələrin effektivliyini artırır. Şuranın Bakı və Daşkənddə keçirilmiş iclasları münasibətlərin sistemli və planlı şəkildə inkişaf etdirildiyinin göstəricisidir. Bu şuranın fəaliyyəti gələcəkdə yeni layihələrin və təşəbbüslərin reallaşdırılması üçün də mühüm zəmin yaradır.
Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələr son illərdə nəzərəçarpacaq dərəcədə genişlənib. 2025-ci ildə ticarət dövriyyəsinin 795 milyon dollara çatması və əvvəlki illə müqayisədə üç dəfədən çox artması iqtisadi münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. 2026-cı ilin ilk aylarında da artım dinamikasının davam etməsi iqtisadi əməkdaşlığın dayanıqlı xarakter aldığını təsdiqləyir.
Azərbaycan və Özbəkistan enerji sahəsində uzun illərdir əməkdaşlıq edir. Lakin son dövrdə bu əməkdaşlıq yeni istiqamət qazanıb. Yaşıl enerji sahəsində həyata keçirilən təşəbbüslər iki ölkənin enerji gündəliyində mühüm yer tutur. Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən təsis edilən “Yaşıl Dəhliz Birliyi” bərpaolunan enerji resurslarının inkişafı və ixracı istiqamətində mühüm addımdır. Bu layihə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında enerji əməkdaşlığının yeni modelini formalaşdırır və regionun enerji təhlükəsizliyinə əlavə töhfə verir. Yaşıl enerji dəhlizi həm də qlobal enerji keçidi dövründə Türk dövlətlərinin yeni əməkdaşlıq imkanlarını nümayiş etdirir.
Azərbaycanın işğaldan azad edilmiş əraziləri Azərbaycan–Özbəkistan münasibətlərində xüsusi yer tutur. Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına məktəb qardaş ölkənin Azərbaycana verdiyi dəstəyin konkret ifadəsidir. Bu məktəb yalnız təhsil müəssisəsi deyil, həm də iki xalq arasında dostluğun və həmrəyliyin təntənəsidir. Şuşa ilə Xivə arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulması isə ortaq mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Azərbaycan və Özbəkistan arasında humanitar əməkdaşlıq münasibətlərin ən güclü istiqamətlərindən biridir. Mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, kitab layihələri və müxtəlif humanitar təşəbbüslər xalqlar arasında yaxınlığı daha da möhkəmləndirir. Nizami Gəncəvinin adını daşıyan Özbəkistan Milli Pedaqoji Universiteti, Xivədə keçirilən “Şuşa Günləri”, Bakıda yaradılan “Özbəkistan” parkı bu əlaqələrin simvolik nümunələridir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də humanitar əməkdaşlığın genişlənməsində mühüm rol oynayır.
Təhsil sahəsində əməkdaşlıq gələcək nəsillərin formalaşması baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda və Özbəkistanda təhsil alan tələbələrin sayının artması gənclər arasında əlaqələrin genişlənməsinə xidmət edir. Media sahəsində keçirilən Azərbaycan–Özbəkistan Media Forumları da informasiya məkanında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. QHT forumları və birgə qrant proqramları isə vətəndaş cəmiyyətləri arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir.
Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən hesab olunur. Hər iki ölkə Türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasının dərinləşdirilməsinə xüsusi önəm verir. Türk Dövlətləri Təşkilatının son illərdə artan nüfuzu, qəbul edilən qərarlar və həyata keçirilən layihələr bu istiqamətdə mühüm nəticələr əldə olunduğunu göstərir. Azərbaycan və Özbəkistan TDT-ni yalnız əməkdaşlıq platforması deyil, həm də ortaq gələcəyin qurulması üçün strateji mexanizm kimi qiymətləndirir. Dövlətimizin başçısı qeyd edib: “Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı. Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir”.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri son illərdə sürətlə inkişaf edib. Özbəkistan bu prosesdə xüsusi yer tutur. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması regionlararası əməkdaşlığın yeni mərhələsini formalaşdırıb. Bu addım Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycanın bu prosesdə fəal iştirakı regionun gələcək inkişafında mühüm rol oynayacaq.
Azərbaycan–Özbəkistan münasibətləri tarixinin ən yüksək inkişaf mərhələsini yaşayır. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, investisiyalar, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə əldə olunan nəticələr Azərbaycan və Özbəkistanın uzunmüddətli müttəfiq olduqlarını təsdiqləyir. Bu gün Bakı ilə Daşkənd arasında formalaşan əməkdaşlıq modeli təkcə iki ölkə üçün deyil, bütövlükdə Türk dünyası və Avrasiya məkanı üçün uğurlu tərəfdaşlıq nümunəsidir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı












































