
Qazaxıstanda ölkənin yeni birpalatalı parlamenti - Qurultayın deputatlarının ilk seçkilərində bütün seçki məntəqələrinin açılmasından üç saat sonra seçici fəallığı 17,96% təşkil edib.
Newscenter.az xəbər verir ki, ilk məlumatları Qazaxıstanın Mərkəzi Seçki Komissiyası açıqlayıb.
MSK üzvü Azamat Aymanakumov bildirib: "İlkin seçici fəallığı 17,96% təşkil edib".
Qazaxıstan ərazisində 10 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 06:00) fəaliyyətə başlayıb. Səsvermə saat 20:00-dək (Bakı vaxtı ilə 19:00) davam edəcək.
Təxminən 100 seçki məntəqəsi isə bir saat əvvəl fəaliyyətə başlayıb. Bu məntəqələr hərbi hissələrdə, növbəli iş qəsəbələrində və xüsusi müəssisələrdə yerləşir.
Seçkilərdə yeddi siyasi partiya iştirak edir və onların partiya siyahılarına 545 namizəd daxil edilib. Qurultayda 145 deputat mandatı nəzərdə tutulub.
Ölkə üzrə seçici siyahılarına 12 605 788 nəfər daxil edilib. Səsvermə 10 423 seçki məntəqəsində, o cümlədən Qazaxıstanın 61 xarici dövlətdəki nümayəndəliklərində yaradılmış 79 məntəqədə təşkil olunur.
Seçkiləri akkreditasiyadan keçmiş 777 beynəlxalq müşahidəçi izləyir. Onlardan 160-ı 42 xarici dövləti, 617-si isə 13 beynəlxalq təşkilatı təmsil edir. Müşahidəçilər arasında 41 ölkənin parlamentini təmsil edən 138 deputat da var.












































