
"Söhbət tarixən bizə məxsus olan, hazırda isə Ermənistanın nəzarət etdiyi Kərki kəndindən gedir. Ermənilər bu kəndə işğal dövründə "Tiqranaşen" kimi əcaib bir ad qoymuşdular. Lakin 44 günlük İkinci Qarabağ müharibəsindən və 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatından sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar şəraitində Paşinyan iqtidarı sərhədlərin delimitasiyası və anklavlar məsələsinə yeni baxış bucağından yanaşmağa başlayıb. Bu da təbiidir. Rəsmi İrəvan anklavların Azərbaycana təhvil verilməli olduğunu anlayır. Bunun başqa bir alternativi yoxdur. Ona görə də srağa gün Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2026-2031-ci illər üçün nəzərdə tutulmuş yeni hökumət proqramını açıqlayarkən, 1991-ci il sovet xəritələrinə görə Kərki kəndinin Ermənistan ərazisinin bir hissəsi olmadığını bildirib. Bu, həmin ərazinin Azərbaycanın nəzarətinə qaytarılacağını faktiki olaraq təsdiqləyir".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, lakin Kərki xəritədə sadəcə kiçik bir nöqtə kimi görünsə də, əsl həqiqətdə isə bu kənd strateji M2 magistral yolunun mühüm bir qovşağıdır:
"Belə ki, bu magistral yol İrəvanı birbaşa İran sərhədi ilə birləşdirir. Məhz buna görə də Kərkinin Azərbaycana qaytarılması perspektivi İranda ciddi narahatlıq doğurur. Bəzi siyasi şərhçilərin yanaşmasına görə hazırda Tehran üçün iki istiqamətdən böyük problem qaynaqlanır. Cənubdan İran ixracatı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən və sanksiyalar vasitəsilə sıxışdırılır. Şimaldan isə Ermənistan hökumətinin Kərki kəndi ilə bağlı qərarı İran üçün yeni bir həssas nöqtə yaradır. Magistral yolun əsas hissəsi Azərbaycanın nəzarətinə keçmək üzrədir. Bu hissədə Azərbaycan nəzarət məntəqələrinin yaradılması və rüsumların tətbiqi İranın yük axınlarını xarici nəzarət altına ala bilər. Bu isə erməni və iranlı ekspertlərin fikrincə, İranın şimal nəqliyyat dəhlizini təhlükə altında qoyur və Tehran Gürcüstana və daha sonra Qara dənizə maneəsiz quru çıxışını itirmək riski ilə üzləşir. Tehran üçün bu, onun ən vacib şimal marşrutlarından birinin əhəmiyyətli dərəcədə zəifləməsi və nəqliyyat təcridinin daha da artması deməkdir".
Komitə sədri qeyd edib ki, ancaq bu, erməni və iranlı ekspertlərin məsələyə dar çərçivədən və həm də qərəzli yanaşmalarından doğan nəticələrdir:
"Əsl həqiqətdə isə Kərkinin Azərbaycanın nəzarətinə keçməsi İranın ixracat imkanları üçün heç bir təhdid yaratmayacaq. Biz İranla düşmən deyilik, ona görə də İran hazırda Azərbaycan vasitəsilə Rusiya ilə dinc ticarət apardığı kimi, gələcəkdə Kərki kəndindən keçən magistral yol vasitəsilə Ermənistan və Gürcüstanla da ticarətini davam etdirə bilər. Odur ki, rəsmi Tehran bəzi ekspertlərin və KİV-lərin tirajladığı təxribatçı fikirlərə yox, sağlam və praqmatik yanaşmaya üstünlük verməlidir. Kərki kəndinə sahiblənmək isə Azərbaycanın qanuni haqqıdır".
Süleyman












































