
Sədi Şirazi deyib ki, “Axmaq adam sussa, yaxşıdır, amma bunu bilsə, axmaq olmazdı.” Siyasətdə bunun adı metakoqnitiv çatışmazlıqdır. İnsan öz bilik və bacarığının sərhədlərini düzgün qiymətləndirə bilmir. Əslində, güclü, müdrik siyasətçi danışmazdan əvvəl nəticəni hesablamasında görür. Əslində, siyasətdə emosionallıq metakoqnitiv nəticələrə gətirib çıxarır. O cümlədən populizm informasiya boşluğu, dilettantlıq yaradır. Əsl siyasət də bu terminləri sevmir və bunu həyata keçirən siyasətçilərin sonu məhvə doğru gedir. Siyasətdə sağlam xüsusiyyət intelektual təvazökarlıqdır. Əsl siyasi peşəkarlığın əhəmiyyəti nə vaxt danışmaq və susmaq bilməklədir. Azərbaycan reallığında biz bunu Zəfərlə tamamlanan, ərazi bütövlüyü ilə bitən siyasi strategiyamızda görmüşük.
İnsanlar arasında, cəmiyyətdə hazırkı müasir texnologiyalardan istifadə edərək qəbul etdikləri informasiyaya dərhal reaksiya vermək özü də emosionallığın ən pik həddi sayılır. Düşünülmür ki, bu informasiyanı yayanın məqsədi,niyyəti, marağı nədir. Bu, kütləyə işləməkmi, kütlənin diqqətini özünə cəlb etməkmi, əsl həqiqətləri gizlətməkmi və ya ölkənin nüfuzuna zərbə vurmaqmı? Bu məsələlər düşünülmür. Ona görə də mütləq istənilən informasiyanı qəbul edəndən sonra analiz etmək lazımdır. İlk növbədə dövlət maraqlarını və dövlət prinsiplərini düşünərək təmkinli reaksiya, intellektual yanaşma, səbr olmalıdır. Təsəvvür edin ki, milli maraqlara uyğun olmayan, kimlərəsə özlərinə piar təşkil edir. Bu, qətiyyən yol verilməzdir. Dövləti təmsil edən siyasi hakimiyyət dövləti emosiya ilə idarə etmir, əksinə, emosiyanın yaratdığı problem və fəsadlarını aradan qaldırmaq üçün tədbirlər planı həyata keçirir. Bəli, biz anlayırıq ki, bu proses cəmiyyətin bütün təbəqələrində var və olacaq, amma siyasi məsuliyyəti öz üzərinə götürən şəxslər isə bu ziyanlı emosiyadan uzaq durmalıdırlar və heç vaxt imkan verməməlidirlər ki, emosiya düşüncəni, faktları, məsuliyyəti üstələsin.
Siyasətdə bu cür hallar qəzəb, intiqam, siyasi və diplomatik böhran yarada bilər, cəmiyyətdə qütbləşmə və qarşıdurma də yaradır. Ona görə də bu, təhlükəli və lazımsızdır.
Dəyərli soydaşlar, bu gün insanları bütün dünyada davranış qaydalarına tərbiyələndirmək məsuliyyəti, həm də hakimiyyətlər daşıyır. Belə hallar baş verəndə, istər yumşaq, istər dərin müdaxilələr dövlət maraqlarını düşünərək atılır. Və kimlərsə bu prosesdən sui-istifadə edib milli maraqlarımızı qorumağa qarşı çıxırsa, demək, o, Vətənə bağlı adam deyildir. Müasir dünyanın əsas ehtiyacı “emosional insan” deyil, “emosiyanı idarə edən” insandır. İstənilən siqnal gələ bilər, amma qərarı ağıl, fakt və dövlət marağı verməlidir.
Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri












































