Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Füzulidə Uluqbəy məktəbi: siyasətüstü bir rəmz

Füzulidə Uluqbəy məktəbi: siyasətüstü bir rəmz


Azərbaycan–Özbəkistan münasibətlərində mənim üçün ən təsirli hadisələrdən biri Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsidir.

Çün burada söhbət yalnız məktəb binasından getmir.
Füzuli Qarabağ Zəfərinin, qayıdışın, dirçəlişin özünəxas coğrafiyasıdır. Uluqbəy isə Türk-İslam dirçəlişinin, elmin, göyüzünün, zəkanın adıdır.

Özbəkistanın Qarabağ torpağında məktəb tikməsi sanki tarixə ünvanlanan üfüqötəli bir cümlədir:

“Sənin yarana biganə deyilik; sənin gələcəyində də varıq”!
Füzulidə fəaliyyət göstərən Mirzə Uluqbəy adına məktəb iki ölkənin təhsil işbirliyinin ən parlaq örnəklərindən, eyni zamanda qardaşlıq münasibətlərinin təzahürlərindən biridir.
Bəlkə də siyasi bəlgələr onilliklərin tarixini yazır, məktəblər isə yüzilliklərin…

Çünki anlaşmanı dövlət adamı oxuyur, məktəbdə isə gələcək nəsil böyüyür…

Tanrı necə haqdır!

“Özbəkistanı ilə Azərbaycanı yüzillərin sınağından keçmiş ortaq tarix, eyni kökdən gələn dil və mədəniyyət, zəngin mənəvi irs, eləcə də sarsılmaz qardaşlıq bağları birləşdirir. Bizim qardaş uluslarımızın münasibətləri dövlətlərarası işbirliyi örnəyi olmaqla birgə, həm də könülləri birləşdirən mənəvi yaxınlığın parlaq təcəssümüdür.

Bu gün Özbəkistan ilə Azərbaycan arasında ictimai-siyasi, sosial-iqtisadi, ədəbi-mədəni, elm-sənət bağları davamlı şəkildə inkişaf edir, qarşılıqlı güvən və sayğı əsasında yeni məzmun qazanır. Dövlətlərimiz bölgədə, bütün dünyada barışın, anlaşmanın, sabitliyin və davamlı inkişafın möhkəmlənməsinə birgə töhfə verir.” – Bu anlamlı sözlər qardaş ölkənin ünlü yazıçı-dramaturqu, ictimsi xadim Qoşqar Narqabilindir (Qo’chqor Norqabil).

Gəncəli Nizami Daşkənddədirsə, Əlişir Nəvai Bakıda olacaq, əlbət!

Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması, Bakının mərkəzində beş hektarlıq “Özbəkistan” parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günləri, Xivədə “Şuşa Günləri”, ədəbi nəşrlər, elmi konfranslar… – bunların hər biri özlüyündə tədbirdir, birlikdə baxıldıqda isə ortaq mədəni məkanın yenidən qurulması prosesidir.

Şuşa ilə Xivənin qardaşlaşması özəl anlam daşıyır.
Şuşa – Qafqazdakı türk mədəniyyətinin uca qalalarından biri,

Xivə – Mərkəzi Asiyanın qədim türk-islam mədəniyyətinin canlı yaddaşıdır.

Bakı–Daşkənd, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Füzuli–Gülüstan və digər şəhərlər arasında qurulan tərəfdaşlıq bağları dövlətlərarası münasibətləri paytaxtların çərçivəsindən çıxararaq ulusların gündəlik yaşamına daşıyır.
Bax, bu, olduqca vacibdir.

Çünki Türk dünyası yalnız Zirvə toplantılarında birləşməməlidir.

Universitet universitetlə, şəhər şəhərlə, yazıçı yazıçı ilə, müəllim müəllimlə, gənc gənclə görüşməlidir.
Türk dünyasının siyasi inteqrasiyasının arxasında ictimai-mədəni inteqrasiya dayanmasa, böyük ideya tam dərinlik qazana bilərmi?

“Turana qılıcdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”! (H.Cavid)

Əkbər QOŞALI
Xəbəri paylaş