Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əbədi Dostluq Müqaviləsi Bakı ilə Daşkənd arasında münasibətləri yeni bir səviyyəyə qaldıracaq

Əbədi Dostluq Müqaviləsi Bakı ilə Daşkənd arasında münasibətləri yeni bir səviyyəyə qaldıracaq


“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə arasında imzalanmış Əbədi Dostluq Müqaviləsi Bakı ilə Daşkənd arasında münasibətləri yeni bir səviyyəyə qaldıracaq. Sözügedən müqavilə Azərbaycanla Özbəkistan arasında bütün parametrlər üzrə əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərir. Bu müqavilə iki ölkə arasında təkcə siyasi deyil, eyni zamanda iqtisadi, mədəni, humanitar bağları da möhkəmləndirəcək”

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Əbədi Dostluq Müqaviləsi xüsusilə, iki ölkənin nəqliyyat və logistika əlaqələrinin daha da inkişafını sürətləndirəcək:

“Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiya ilə, Özbəkistanın isə Mərkəzi Asiyanın digər ölkələri ilə əlaqələri iki dövlətə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində daha fəal əməkdaşlıq etmək imkanı verir. Bu baxımdan Azərbaycan-Özbəkistan tərəfdaşlığı təkcə ikitərəfli deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi bağlantıların gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycan Prezidentinin 2025-ci ildə qeyd etdiyi kimi, Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionları getdikcə daha sıx bağlı vahid geosiyasi-iqtisadi məkan formalaşdırır. Azərbaycanla Özbəkistan arasında humanitar və mədəni sahədə əlaqələr də yüksələn xətlə inkişaf edir. İki qardaş xalqın mənsub olduğu ortaq türk tarixi, dil, mədəniyyət və mənəvi dəyərləri var. Təhsil, media, QHT əməkdaşlığı, turizm və şəhərlərarası tərəfdaşlıq artıq bu qardaşlığın praktik ifadəsinə çevrilib. Məsələn, Füzulidə Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi, müxtəlif Azərbaycan və Özbəkistan şəhərlərinin qardaşlaşması xalqlar arasında əlaqələrin gələcək nəsillərə ötürülməsinə xidmət edir. İmzalanan Əbədi Dostluq Müqaviləsi bütün bu əlaqələrin forma və məzmunca daha da inkişafı üçün baza rolunu oynayacaq”.

Arzuman Muradlının sözlərinə görə, Əbədi Dostluq Müqaviləsinin ən mühüm müsbət təsirlərindən biri ondan ibarətdir ki, o, siyasi münasibətləri konkret iqtisadi, humanitar və regional layihələrlə tamamlayan uzunmüddətli əməkdaşlıq imkanlarını gücləndirir:

“Müqavilənin mümkün nəticələrinə gəlincə, hesab edirəm ki, bundan sonra qarşılıqlı ticarət və investisiyaların artırılması, birgə sənaye və kənd təsərrüfatı layihələrinin genişləndirilməsi, nəqliyyat-logistika və tranzit imkanlarının daha səmərəli istifadəsi, enerji və “yaşıl enerji” sahəsində əməkdaşlığın dərinləşdirilməsi, təhsil, elm, mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində daha sıx koordinasiya kimi praktik addımlar atılacaq”.

Süleyman
Xəbəri paylaş