Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Laçın artıq yeni inkişaf modeli ilə gündəmə gəlir

Bu gün Laçın artıq yeni inkişaf modeli ilə gündəmə gəlir


26 Avqust – Laçın şəhəri günü Azərbaycanın müasir tarixində mühüm siyasi, tarixi və mənəvi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix uzun illər ərzində pozulmuş tarixi ədalətin bərpasını, doğma torpaqlara qayıdış prosesinin başlanmasını və yeni inkişaf mərhələsinin formalaşmasını ifadə edir.

Məlumdur ki, Laçın Azərbaycanın qədim və strateji əhəmiyyətə malik yaşayış məntəqələrindən biridir. 1923-cü ildə Abdallar kəndinin Laçın adlandırılaraq şəhər statusu alması, 1930-cu ildə isə rayon mərkəzinə çevrilməsi onun bölgədəki inzibati və iqtisadi rolunu artırıb. Coğrafi baxımdan Laçın Şərqi Zəngəzurun mühüm hissəsini təşkil edir. Rayonun Ermənistanla həmsərhəd olması və mühüm keçid imkanlarına malik olması ona xüsusi strateji əhəmiyyət verirdi.

Məhz bu səbəbdən Laçının işğalı Azərbaycan üçün ağır nəticələr doğuran hadisələrdən biri oldu. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonu Azərbaycanın Qarabağ bölgəsi ilə Ermənistan arasında süni coğrafi bağlantının yaradılması baxımından strateji hədəf seçilmişdi. İşğal nəticəsində rayon əhalisi öz doğma torpaqlarından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Eyni zamanda, rayonun zəngin tarixi-mədəni irsi, sosial infrastrukturu və iqtisadi potensialı ciddi dağıntılara məruz qaldı.

Laçının işğalı Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilən genişmiqyaslı planın mühüm mərhələlərindən biri idi. Bu hadisə sonrakı illərdə digər ərazilərin işğalı üçün də imkan yaratdı. Buna görə Laçının azad olunması təkcə bir rayonun geri qaytarılması deyil, həm də regionda Azərbaycanın strateji mövqelərinin bərpası baxımından mühüm hadisə oldu.

2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Məhz bu hadisə sonradan 26 Avqust tarixinin Laçın şəhəri günü kimi qeyd olunmasına əsas yaratdı.

Bu gün Laçın artıq yalnız keçmişin ağrılı xatirələri ilə deyil, həm də yeni inkişaf modeli ilə gündəmə gəlir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa layihələri Laçının gələcək inkişaf perspektivlərini müəyyənləşdirir. Şəhərdə müasir yaşayış infrastrukturu yaradılır, sosial obyektlər tikilir, məktəblər, istehsal müəssisələri və turizm infrastrukturu formalaşdırılır. Böyük Qayıdış proqramı çərçivəsində Laçınlıların öz doğma yurdlarına qayıtması isə bu prosesin ən mühüm humanitar nəticələrindən biridir.

Laçının inkişaf konsepsiyasında xüsusi diqqət çəkən istiqamətlərdən biri yaşıl enerji potensialıdır. Rayonun su ehtiyatlarından istifadə etməklə yaradılan su elektrik stansiyaları Azərbaycanın bərpaolunan enerji strategiyasına töhfə verir. Eyni zamanda, yeni yolların, Laçın Beynəlxalq Hava Limanının və digər nəqliyyat layihələrinin istifadəyə verilməsi rayonun iqtisadi və regional əhəmiyyətini daha da artırır.

Laçının gələcək inkişafı yalnız yerli səviyyə ilə məhdudlaşmır. Laçının Cənubi Qafqazda yeni nəqliyyat, enerji və turizm imkanlarının formalaşdığı mühüm mərkəzlərdən birinə çevriləcəyinə heç bir şübhə yoxdur. Onun coğrafi mövqeyi Azərbaycanı region ölkələri ilə birləşdirən yeni əməkdaşlıq imkanları baxımından xüsusi üstünlüklər yaradır.

Ümumilikdə isə 26 Avqust – Laçın şəhəri günü Azərbaycan xalqının tarixi yaddaşını, Zəfər iradəsini və quruculuq əzmini əks etdirən əlamətdar tarixdir. Laçının keçmişdə yaşadığı faciələr bu gün onun dirçəliş və inkişaf mənzərəsi ilə əvəzlənir. Bərpa olunan Laçın həm doğma sakinlərinin qayıtdığı şəhər, həm də Azərbaycanın gücünü, imkanlarını və gələcəyə baxışını nümayiş etdirən mühüm inkişaf məkanı kimi yeni tarixini yazır.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş