
Ermənistanda bəzi siyasi dairələrin və ictimai platformaların son günlər nümayiş etdirdiyi mövqe regionda formalaşmaqda olan yeni reallıqlarla uzlaşmır. Azərbaycan öz suverenliyi çərçivəsində ölkənin istənilən bölgəsində diplomatik nümayəndələrin səfərlərini təşkil etmək hüququna malikdir və buna kənardan etiraz etmək heç bir siyasi, hüquqi və mənəvi əsas daşımır.
Newscenter.az xəbər verir ki, bunları Gələcək Azərbaycan Partiyasınən sədri Ağasif Şakiroğlu deyib. Onun sözlərinə görə, süsusilə Qarabağ və Şərqi Zəngəzurla bağlı Ermənistan ictimai-siyasi mühitində hələ də köhnə yanaşmaların yaşadılması göstərir ki, sülh haqqında bəyanatlarla cəmiyyətdə formalaşdırılan təsəvvürlər arasında ciddi fərq mövcuddur:
"Bir tərəfdən Azərbaycanın sərhədlərinin tanındığı bildirilir, digər tərəfdən isə həmin sərhədlər daxilində baş verən proseslərə münasibət bildirməyə çalışılır. Bu ziddiyyət Ermənistanın sülhə nə dərəcədə hazır olması ilə bağlı haqlı suallar yaradır.
Tarixi və dini abidələrin mənsubiyyəti məsələsində də seçici yanaşma qəbuledilməzdir. Azərbaycanın ərazisində yerləşən hər bir tarixi abidə bu ölkənin hüquqi və mədəni irs sisteminin tərkib hissəsidir. Eyni zamanda indiki Ermənistan ərazisində əsrlərlə yaşamış azərbaycanlıların yaratdığı mədəni izlərin, yaşayış məkanlarının, məscidlərin və qəbiristanlıqların taleyi barədə susmaq tarixi obyektivliyə xidmət etmir".
Partiya sədri qeyd edib ki, Qafqaz Albaniyası irsinin inkarı da elmi diskussiyadan daha çox siyasi məqsəd daşıyan yanaşmaya çevrilib:
"Tarixi faktları müasir siyasi maraqlara uyğunlaşdırmaq cəhdləri xalqları yaxınlaşdırmır, əksinə, yeni qarşıdurma üçün ideoloji zəmin yaradır.
Ermənistan rəhbərliyi anlamalıdır ki, revanşist ritorikanın açıq və ya dolayı şəkildə təşviqi ilk növbədə Ermənistanın öz gələcəyinə zərbə vurur. Regionun davamlı inkişafı üçün cəmiyyətlər yeni müharibəyə deyil, əməkdaşlığa hazırlanmalıdır. Əgər rəsmi İrəvan həqiqətən sülh istəyirsə, bunu yalnız danışıqlar masasında deyil, daxili informasiya siyasətində və ictimai ritorikada da nümayiş etdirməlidir".
Ağasif Şakiroğlu qeyd edib ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edib:
"İndi əsas məsələ keçmişin qarşıdurma məntiqini gələcəyə daşımamaqdır. Ermənistanın qarşısında seçim sadədir: ya regionda yaranmış yeni siyasi reallığı qəbul edib normal qonşuluq münasibətlərinin qurulmasına töhfə vermək, ya da cəmiyyətini köhnə miflərin və revanşist çağırışların əsirinə çevirmək.
Gələcək Azərbaycan Partiyası olaraq hesab edirik ki, Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün təhdid deyil, tarixi fürsətdir. Bu fürsətin itirilməsi isə bütün region üçün deyil, ilk növbədə Ermənistanın özü üçün ağır siyasi nəticələr doğura bilər".
Süleyman











































