
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
-Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi məmnunluq doğurur. Qardaş xalqlarımızı ortaq etnik köklər, dil, mədəniyyət və ənənələr möhkəm ailə kimi birləşdirir. Təbii müttəfiqliyimizi rəsmiləşdirən Türk Dövlətləri Təşkilatı geniş coğrafi məkanda yerləşən, nəhəng siyasi və iqtisadi potensialı əhatə edən dost və qardaş ölkələrimizin birliyinin və səmərəli qarşılıqlı fəaliyyətinin bariz nümunəsidir. Bu gün Türk dünyası özünün yüksəliş mərhələsinə qədəm qoymuşdur. Ölkələrimizdə hökm sürən sülh, əmin-amanlıq və sabitlik şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və dövlətlərimizin böyük nailiyyətidir. Altı il əvvəl Azərbaycanın qazandığı, ümumi fəxr və qürur mənbəyimiz olan Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu. Bu Zəfər, eyni zamanda, ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının – Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı. Fürsətdən istifadə edərək, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında göstərdikləri dəstəyə görə təmsil etdiyiniz ölkələrə təşəkkürümü bildirirəm. Bu təşəbbüslər Azərbaycan xalqı tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanır. Avropa ilə Asiyanı birləşdirən, Türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində sədrliyimiz çərçivəsində səy göstəririk. Türk Dövlətləri Təşkilatına sədrliyimiz dövrünə təsadüf edən əlamətdar hadisələrdən biri də Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsidir. Fürsətdən istifadə edərək, Təşkilata üzv ölkələrin dəyərli liderlərinə ehtiramımı ifadə edir, Qurultaya ünvanladıqları müraciətlərə və ümumiyyətlə Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatındakı sədrliyinin işinə göstərdikləri daimi dəstəyə görə təşəkkürümü bildirirəm.
Kəmalə Ələkbərova











































