
"Bakının real əhalisini hesablamaq üçün kommunal xidmətlər, səhiyyə və mənzil fondu kimi göstəricilərdən istifadə etmək olar. Amma burada xəta payı yüksək olur. Nisbətən daha real mənzərəni mobil operatorların məlumatları və ya şagird sayı verə bilər. Mobil operatorların məlumatları açıq deyil, şagird sayı isə rəsmi mənbələrdə var. Buna görə hesablamanı şagird sayı üzərindən apardım və maraqlı nəticə alındı.
Hazırda Bakıda 354 dövlət ümumtəhsil məktəbində 543 mindən çox şagird təhsil alır. Özəl məktəbləri də nəzərə aldıqda bu say 560 min nəfəri keçir".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bu məsələdə Abşeron rayonunu Bakıdan ayırmaq olmaz:
"O, faktiki olaraq Bakı aqlomerasiyasının tərkibidir. Burada isə 62,5 mindən çox şagird təhsil alır. Beləliklə, Bakı və Abşeronda məktəblilərin sayı təxminən 623 min nəfərə çatır.
Müqayisə üçün hazırda ölkədə təxminən 1,6 milyon şagird təhsil alır. Yəni ölkədə şağirdlərin 39%-i Bakı və Abşeronun payına düşür.
Hazırda ölkədə əhalin sayı təxminən 10,2 milyon nəfərdir və 39%-lik nisbəti əhaliyə tətbiq etdikdə Bakı və Abşeronda faktiki yaşayan əhalinin sayı təxminən 4 milyon nəfər alınır. Bir daha qeyd edim ki, bu siyahıyaalma deyil, şagirdlərin sayı əsasında aparılan proporsional hesablamadır.
Son 10 ilin dinamikası daha ciddidir. 2015-2016-cı ildə Bakı və Abşeronda təxminən 410 min şagird var idisə, hazırda bu rəqəm 623 minə çatıb. Artım 52%-dir. Eyni dövrdə ölkə üzrə şagird sayı cəmi 18% artıb. Yəni Bakı və Abşeronda artım ölkə üzrə göstəricidən təxminən 3 dəfə yüksəkdir. Bu da əhalinin Bakı aqlomerasiyasında sürətlə cəmləşdiyini göstərir".
O deyib ki, məsələ bununla da bitmir:
"Son 10 ildə ölkədə tələbə sayı 161,2 mindən 261,6 minə, yəni 62,3% və ya 100 min artıb. Ali məktəblərin əsas hissəsinin Bakıda yerləşdiyini nəzərə alsaq, bu artımın təxminən 80 min nəfəri Bakının payına düşür.
Bununla yanaşı, regionlardan təbii miqrasiya, remiqrasiya, təhsil üçün gəlib, tələbəlikdən sonra Bakıda qalanlar və son illərdə tələbələrin ardınca ailələrin də Bakıya köçməsi halının artması əhalinin paytaxtda cəmləşməsini artırıb. Bu proseslər üzrə dəqiq statistika olmasa da, şagird sayı əsasında aparılan proporsional hesablama Bakı və Abşeronda faktiki əhalinin 4 milyona yaxın ola biləcəyini göstərir.
Üstəlik, Sumqayıtdan hər gün işləmək və təhsil üçün Bakıya gələnlər də şəhərin nəqliyyat və infrastrukturundan istifadə edir. Yəni Bakının gündəlik əhali yükü burada faktiki yaşayanların sayından da yüksəkdir.
Digər problem əhalinin məhdud ərazidə cəmləşməsidir. Bakının inzibati ərazisi 2,2 min kv. km olsa da, sıx məskunlaşma daha kiçik ərazidə və əsas nəqliyyat dəhlizləri boyunca formalaşıb. Bu isə yüksək əhali yükünün nəqliyyat sisteminə təsirini daha da artırır.
O ki, qaldı, problemin həllinə, bununla bağlı fikirlərimi əvvəlki publik çıxışlarımda və yazılarımda dəfələrlə bildirmişəm. Bakının tıxac probleminin həlli Bakıda deyil. Bu yazıda məqsədim problemin sadə olmadığını, daha mürəkkəb demoqrafik və urbanizasiya amilləri ilə formalaşdığını rəqəmlər əsasında göstərmək idi.
Təklif edirəm ki, hökumət mobil operatorların anonimləşdirilmiş və aqreqasiya olunmuş məlumatları əsasında Bakı və ətrafında faktiki yaşayan əhalinin sayını dəqiqliyə yaxın müəyyənləşdirsin. Bu məlumat ictimaiyyətə açıqlanmasa belə, regional inkişaf proqramlarının hazırlanması və şəhər infrastrukturunun düzgün planlaşdırılması baxımından olduqca vacib datadır".
Süleyman










































