Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutunda “Biz bir Yerin övladlarıyıq” adlı tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, xalqlar dostluğuna həsr olunmuş tədbirdə Özbəkistanda akkreditə olunmuş diplomatik korpusların, müxtəlif xalqlara aid mədəniyyət mərkəzlərinin nümayəndələri, jurnalistlər, yazıçılar, universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə ölkəmizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Tədbiri giriş sözü ilə açan İnstitutun elm və innovasiyalar üzrə prorektoru Azamat Eşonkulov tədbir iştirakçılarını və qonaqları salamlayaraq, Özbəkistanda yaşayan xalqlar arasında sülhün və tolerantlığın ölkənin daxili siyasətinin əsasını təşkil etdiyini vurğulayıb. O, qeyd edib ki, bu xüsusiyyət ölkənin fəxr etdiyi ən böyük sərvətdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Yusif Məmmədov çıxışında Azərbaycan və Özbəkistanın çoxlu ortaq cəhətlərə malik qardaş ölkələr olmasını, xüsusən də Azərbaycan ərazisində müxtəlif millətlərin və müxtəlif dini konfessiya nümayəndələrinin tolerantlıq, multikultural dəyərlərə hörmət, sülh, əmin-amanlıq şəraitində yaşamaları faktını xüsusi qeyd edib. Y.Məmmədov onu da qeyd edib ki, özünəməxsus mədəniyyətini yaradan Azərbaycan xalqı başqa xalqların mədəniyyətinə də həmişə hörmətlə yanaşıb.
Sonra Özbəkistan Yazıçılar Birliyinin üzvü, şairə Qulyamdam Taqayeva çıxış edərək dostluq, vətənpərvərlik haqqında şeirlər oxuyub.
Qeyd edək ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi iştirakçılar və qonaqlar üçün ölkəmizin mədəniyyətini, ədəbiyyatını, incəsənətini əks etdirən kitab sərgisi təşkil edilib. Sərgidə həmçinin Azərbaycan sənətkarlarının ağac, keramik və digər materiallardan hazırladıqları milli suvenirlər də təqdim olunub.
Tədbirin bədii hissəsində müxtəlif ölkələrin nümayəndələri milli rəqslər və mahnılar təqdim ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Azərbaycan” rəqs ansamblının üzvləri də milli rəqslərimizi ifa ediblər.
Tədbirdə fəal iştirakına görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Fəxri Fərman və xatirə hədiyyələri ilə təltif edilib.
Süleyman