Ənənəvi olaraq okeanın o tayından Bakıya qarşı olan qeyri-obyektiv, eyni zamanda qeyri-müəyyən siyasət davam edir. Bir tərəfdən Vaşinqton Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində təşəbbüs nümayiş etdirir, ikitərəfli görüşlərin keçirilməsinə evsahibliyi edir, digər tərəfdən elə bu prosesin özündə ədalətsiz mövqe sərgiləyir, Ermənistanın maraqlrına xidmət edən addımlar atır. Necə ki, uzun illər, istər işğal dövründə, istərsə də işğaldan sonrakı mərhələdə biz bu mərhələnin şahidi olmuşuq. Bir sözlə, Birləşmiş Ştatlar fəaliyyəti dövründə heç bir müsbət addımı ilə yadda qalmayan, bu gün isə ölü bir quruma çevrilmiş ATƏT-in Minsk qrupuna həmsədrlik etdiyi dövrdə ortaya qoyduğu tərəf saxlamaq, erməni maraqlarına xidmət etmək prinsipini təəssüf hissi ilə qeyd edərdim ki, bu gün də davam etdirir. Bu günlərdə Birləşmiş Ştatların Nümayəndələr Palatasının 48 üzvünün bu ölkənin dövlət katibi Entoni Blinkenə ünvanladığı məktubun fonunda bunu bir daha aydın görmək mümkündür.
Məlumat üçün qeyd edək ki, oktyabrın 3-də ABŞ-da 10 senator və Nümayəndələr Palatasının 48 üzvü Konqresin Ermənistanla iş üzrə komitəsinin həmsədri Frenk Fallon və senator Ed Murkinin dövlət katibi Entoni Blinkenə ünvanladıqları məktuba qoşularaq Ermənistanın revanşist meyillərinə açıq şəkildə dəstək nümayiş etdiriblər. Bu azmış kimi müraciət müəllifləri müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd tələb də ortaya qoyublar. Nəhayət, erməni lobbisinin maliyyəsi və ermənilərin drijor çubuğu ilə hərəkət edən Nümayəndələr Palatasının üzvləri ABŞ-ı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.
Əvvəla onu qeyd etmək lazımdır ki, sözügedən müraciət və okeanın o tayından Bakıya yönəlik təhdidlər ABŞ-la Azərbaycan arasında əməkdaşlığın ruhuna ziddir. İstər Ağ Ev administrasiyası, istərsə də Bakıya qarşı düşmənçilik mövqeyi sərgiləyən konqresmenlər, Nümayəndələr Palatasının üzvləri bilməlidirlər ki, Vaşinqtonun Bakıya qarşı hər hansı bir təzyiq vasitəsi bizdən daha çox onun özünə mənfi təsir göstərəcək. Xüsusilə, enerji sahəsində əməkdaşlığa xitam verilmıəsi Ağ Ev üçün gözlənilməyən acı sürpriz ola bilər. Bir sözlə, Bakıya qarşı yönəl\əcək istənilən təhdid, hətta sanksiyadan itirən yalnız Vaşinqton ola bilər. Ona görə də okeanın o tayında bu barədə ciddi fikirləşsələr daha məntiqlidir. Heç bir siyasi. iqtisadi, regional perspektivi olmayan Ermənistanın birmənalı olaraq dəstəklənməsi və bundan dolayı Azərbaycana qarşı cəbhə açılması ABŞ-ın Cənubi Qafqazdan tamamilə çıxması ilə sonuclana bilər. Bu mənfi tendensiya ABŞ-ın regiondakı iqtisadi maraqlarına da zərbə vurmuş olacaq. Belə ki, Ağ Ev rəhbərliyi Bakı ilə münasibətləri gərginləşdirməkdə maraqlı olarsa, o halda Vaşinqton regional layihələrdən, xüsusilə də nəqliyyat dəhlizlərindən məhrum ola bilər. Ona görə də ümid edirik ki, okeanın o tayında ağıllı başla fikirləşib qərar verəcək və Ağ Ev, eləcə də Dövlət Departamentinin rəhbərliyi erməni lobbisinin maraqlarının qurbanına çevrilmək istiqamətində addım atmayacaq.
Arzuman Muradlı, "Milli İnkişaf" İctimai Birliyinin sədri
Newscenter.az üçün