"ABŞ konqresmenlərinin və Dövlət Departamentinin anti-Azərbaycan hərəkətləri getdikcə daha açıq xarakter alır. Son günlər Vaşinqton tərəfindən ölkəmiz əleyhinə geniş miqyaslı qərəzli kampaniyaya start verilməsi Bayden administrasiyasının, Blinken diplomatiyasının qatı ermənipərəst mövqeyə keçdiyini göstərir".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, amerikalı parlamentarilər sanki “kim daha çox ermənipərəstdir” devizi altında yarışa çıxıblar:
"Oktyabrın 3-də ABŞ-da 10 senator və Nümayəndələr Palatasının 48 üzvünün Konqresin Ermənistanla iş üzrə komitəsinin həmsədri Frenk Fallon və senator Ed Murkinin dövlət katibi Entoni Blinkenə ünvanladıqları məktuba qoşularaq Ermənistanın revanşist niyyətlərinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd tələbin ABŞ hökumətinin diqqətində olmasının vacibliyini bəyan etmələri və ABŞ-ı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmaları da bu fikrimizi təsdiqləyir".
Komitə sədri qeyd edib ki, ABŞ konqresmenlərinin ölkəmizə qarşı bu cür qərəzli mövqeyini məhz Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyi ərəfəsində ortaya qoyması əslində açıq-aşkar şantaj xarakteri daşıyır və erməni lobbisinin sifarişini təcəssüm etdirir:
"Bəli, sözügedən müraciətin məzmunu onun erməni lobbisinin ABŞ Dövlət Departamentinə sifarişi əsasında hazırlandığını göstərir. Əfsuslar olsun ki, artıq təkcə Konqres üzvləri yox, Dövlət Depatamenti də erməni lobbisinin sifarişlərinin icraçısına çevrilib.
ABŞ Konqresində Azərbaycana qarşı formalaşan düşmən mövqe və onların Ermənistandakı revanşistlərə, Qarabağdan qaçmış separatçı törtöküntülərə maliyyə yardımı ayrılması barədə təşəbbüslərlə çıxış etməsi bilavasitə Dövlət Departamenti tərəfindən tənzimlənir və yönləndirilir. Yəni ki, Dövlət Departamenti ikibaşlı siyasət yürüdür. Belə ki, Dövlətt Departamentinin rəhbəri, ABŞ Dövlət Katibi Entoni Blinken bir tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevə zəng vuraraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və sülh sazişinin imzalanmasına dəstək verdiklərini bildirir, ancaq o biri yandan isə Dövlət Departamentindən konqresmenlərə Azərbaycana qarşı “hücum” əmri verilir".
Əlisahib Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyev də Cəbrayıl Şəhəri Günündə yerli sakinlərlə görüşündə bu məsələyə toxunaraq Dövlət Departamentinin ikili oyun oynadığını ifşa etdi: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir:
"Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.
Prezident haqlıdır, bu cür məkrli müraciətdir, çağırışlar bizim iradəmizə təsir edə bilməz. Ancaq Dövlət Departamentinin bu cür kirli oyun oynaması təəssüf hissi doğurur. ABŞ-ın xarici siyasət idarəsi bu cür oyunlara alət olmamalı və erməni lobbisinin pulları hesabına Ermənistanı müdafiə edən konqresmenlərə, regionda yeni münaqişə yaratmağa xidmət edən qızışdırıcı çağırışlara dəstək verməməliydi. Konqresmenlərin ermənipərəst mövqedən çıxış etmələri artıq çoxdan ənənəvi hal alıb. Biz onların heç bir siyasi və hüquqi əsası olmayan ittihamlar və beynəlxalq hüquqa zidd tələblərlə Azərbaycanı təhdid etmələrinə öyrəşmişik. Ona görə də 60 konqresmenin məlum müraciəti bizi əsla təəccübləndirmir. Ancaq peşəkar diplomatiya strukturu olan və hansısa lobbilərin yox, məhz ABŞ-ın strateji dövlət maraqlarını qorumaq vəzifəsini daşıyan Dövlət Departamentinin bu cür çirkin oyunlara bulaşması olduqca xoşagəlməz haldır".
AHK sədri, "Görünən budur ki, özlərini “ədalət və demokratiya carçıları” adlandıran Demokratlar Partiyasının Konqresdəki üzvləri Bayden hakimiyyətinin son anlarında fürsətçilik edib erməni lobbisinin maraqlarını təmin etməyə və lap son anda da Azərbaycana qarşı məkrli niyyətlərini gerçəkləşdirməyə çalışırlar. Yəqin onlar Demokratların namizədi K.Harrisin qalib gəlməyəcəyini bildikləri üçün bu cür əl-ayağa düşüblər. Ancaq heç olmasa, peşəkar diplomat və strateq olan Entoni Blinken dərk etməlidir ki, bir qrup lobbiçi konqresmenin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək çağırışları ilk növbədə ABŞ-ın özünün dövlət maraqlarına zidddir.
Müharibə canilərinin azadlığa buraxılmasına və Ermənistanın silahlandırılmasına çağırış edən ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün Entoni Blinkenə göndərdiyi müraciət həmçinin beynəlxalq hüquqa da ziddir. ABŞ dövləti erməni lobbisinə və və bu lobbinin nökərinə çevrilmiş konqresmenlərə görə Azərbaycanla münasibətləri korlamamalıdır. Ölkəmizlə ikitərəfli münasibətlərin bərabərhüquqlu şəkildə davam etdirilməsi ilk növbədə ABŞ-ın Cənubi Qafqazdakı öz maraqlarına uyğundur. Bu adi həqiqəti anlaması üçün Blinkenin kifayət qədər təcrübəsi var",-deyə bildirib.
Süleyman