Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Balakən sərnişin qatarının bərpası əhəmiyyət kəsb edir

Bakı-Balakən sərnişin qatarının bərpası əhəmiyyət kəsb edir



Bakı-Balakən dəmir yolu xətti bu ilin axırı və ya gələn ilin əvvəli açılacaq. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov deyib ki, bu istiqamətdə hazırlıq işləri aparılır.



Sürət qatarının bu ilin sonunda və ya gələn ilin əvvəlində açılacaq.



"Artıq deyə bilərəm ki, buna sayılı günlər qalıb. Tezliklə ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Hazırlıq işləri tamamlanmaq üzrədir: infrastruktur tam hazırdır, stansiyalarda təmir işləri yekunlaşır. Yaxın vaxtlarda bunun şahidi olacağıq", - Rövşən Rüstəmov bildirib.



Qeyd edək ki, hazırda Azərbaycan dəmir yolunun şimal-qərbdə son stansiyası Balakəndir. Bu stansiya ötən əsrin 80-ci illərinin əvvəllərində işə salınıb.



Bakı- Balakən sürət qatarının açılması paytaxtla şimal-qərb bölgəsi arasında gediş-gəlişi daha da asanlaşdıracaq.



Mövzu ilə bağlı Modern.az-a danışan Balakən rayon millət vəkili Nəsib Məhəməliyev bildirib ki, bu, olduqca xoş xəbərdir:



“Bildiyimiz kimi Yevlax-Balakən dəmiryolu xətti Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə tikilmiş dəmiryolu xəttidir. 1985-ci ildən başlayaraq uzun illər ərzində dəmiryolu şimal-qərb istiqamətində yerləşən Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayıb. O zamanlar həmin rayonların iqtisadiyyatının inkişafına, sosial həyatında çox böyük dəyişikliklərə nail olan bir dəmiryolu xəttidir. Həmin rayonlarda çoxlu sayda sosial obyektlər, inzibati binalar tikildi, infrastruktur layihələr icra olundu. Xatırlayıram ki, Yevlax-Balakən dəmiryolu xətti istifadəyə verilənə qədər o bölgənin insanları Gürcüstanın Çnori stansiyasından, yəni Balakəndən 65 kilometr aralıda olan bir stansiyanın imkanlarından istifadə edirdilər. O zamanlar SSRİ adlanan dövlətin tərkibində olduğumuz üçün bütün yüklər oraya gəlir və oradan göndərilirdi. Dəmiryolunun yaradılmasından sonra istehsalat sahələri yaradıldı, zavod və fabriklər tikildi. Keçmiş SSRİ-yə daxil olan və daxil olmayan bəzi dövlətlərə yüklərin alınması və göndərilməsi prosesi başladı”.



Millət vəkili bildirib ki, son dövrlər yolun istismara yararsız vəziyyətə düşməsi, pandemiya dövründə sərnişin qatarlarının hərəkətinin dayandırılması əhali arasında narahatlıqlar yaradırdı:



“Mən Milli Məclisin iclaslarında bununla bağlı məsələ qaldırmışam, cənab Prezidentə və və Baş nazirə rəsmi müraciət etmişəm ki, Bakı-Balakən sərnişin qatarının bərpası əhəmiyyət kəsb edir. Çox sevinirəm ki, cənab Prezidentin tapşırığı ilə Bakı-Balakən sərnişin qatarı yeni, sürətli formatda fəaliyyətə başlayacaq. Bu bütövlükdə şimal-qərb bölgəsinin gözlədiyi hadisədir. Mən həmin bölgənin insanları adından cənab Prezidentə təşəkkür edirəm. Eyni zamanda insanlarımızı təbrik edirəm ki, Bakı-Balakən sürət qatarı öz fəaliyyətinə başlayacaq, insanlara xidmət edəcək. Hamı tərəfindən gözlənilən dəmiryolu olduqca rahat nəqliyyat vasitəsidir. Nəzərə alsaq ki, Bakı-Balakən arasındakı məsafə təqribən 460 kilometrdir, bu olduqca müsbət hadisədir”.
Xəbəri paylaş