"Azərbaycan tarixi ilə bağlı çəkilən filmlərdə yanlış xəritələrin və tarixi təhriflərin yer alması yolverilməzdir. Son çəkilən Atabəy Şəmsəddin Eldəniz haqqında filmdə Azərbaycanın tarixi torpaqlarının "Baqrat çarlığı" kimi təqdim edilməsinin tarixi gerçəkliklə heç bir əlaqəsi yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Rəfail Eminov səsləndirib. O bildirib ki, filmin 3:12-3:17-ci dəqiqələrində göstərilən xəritədə Göyçə, Naxçıvan, Zəngəzur, Tovuz, Qazax, Şəmkir, Şəki, Dərbənd, Şabran əraziləri üzərində "erməni torpağı" ifadələri yer alıb:
"Halbuki, bu ərazilər Eldənizlər dövründə Azərbaycanın tərkibində olmuşdur. Əl-İdrisinin xəritələri kimi mənbələrdən istifadə etməyən, savadsızlıq və məsuliyyətsizlik üzündən hazırlanan bu filmlər milli maraqlarımıza ziddir və anti-Azərbaycan təbliğatına yol açır.
Belə bir film çəkilərkən mütləq şəkildə tarixçi alimlər və mütəxəssislərdən istifadə olunmalıdır. Filmin məzmununun tarixi dəqiqliyi təmin edilməlidir. Peşəkar tarixçilər və coğrafiya mütəxəssislərinin iştirakı olmadan belə vacib mövzulara toxunulmamalıdır. Bundan başqa dövlət resursları düzgün istifadə edilməlidir".
Tarixçi deyib ki. milli televiziya kanalları və dövlət tərəfindən dəstəklənən layihələrdə xalqın tarixi dəqiqliklə əks etdirilməlidir:
"Təhriflər xalqın inamını sarsıdır və gənc nəsillərə yanlış məlumat ötürür. Həmçinin, ciddi nəzarət mexanizmi yaradılmalıdır. Belə filmlərin çəkilişi zamanı dövlət idarələri, o cümlədən Mədəniyyət Nazirliyi, Azərbaycan Tarixi Muzeyi və digər aidiyyəti qurumlar nəzarət etməli, təsdiqlənməmiş materialların yayılmasına icazə verilməməlidir".
Rəfail Eminov deyib ki, Azərbaycan tarixinin təhrif edilməsinə və ərazi bütövlüyümüzün şübhə altına alınmasına şərait yaradanlara cavabdehlik tələb edirik:
"Biz tarixi doğru bilməli, gənc nəsillərə düzgün ötürməli və milli maraqlarımızı hər zaman qorumalıyıq".
Anar Əliyev