Bəlkə də ABŞ tarixində nadir andiçmə mərasimlərindən birini izlədik. Donald Tramp Amerikanın siyasi ənənələrini dağıtmaqda davam edir. Tramp andiçmə mərasimində arxasında oturan artıq keçmiş prezident Cozef Baydenin adını çəkmədən onun qərarlarını yıxdı-sürüdü.
Çoxlarını düşündürən sual budur: Tramp verdiyi çoxsaylı vədlərin nə qədərini yerinə yetirə biləcək? Misal üçün Ağ Evin yeni sahibi Panama dövlətini ərazisindəki kanalı ABŞ-a təslim verməsini necə təmin edəcək? Panamaya təzyiq edəcək, yoxsa bu alınmadıqda ordunu ora göndərəcək? Və ya andiçmə mərasimində Meksika körfəzini Amerika körfəzi adlandıracağını xatırlatdı. Bunun Amerika üçün əhəmiyyəti nə qədərdir? Tramp andiçmə mərasimində xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi barədə danışmasa da, dünyadakı müharibələri bitirəcəyini vəd etdi. Trampı Ukraynanın və Avropanın taleyi maraqlandırmır. Tramp müşavirlərinə və dövlət katibinə Rusiya-Ukrayna müharibəsində ilkin mərhələdə atəşkəsə nail olmağı tapşıracaq və bunu xarisi siyasətdə qələbəsi kimi təqdim edəcək.
Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasimindən əvvəl Trampı Prezident seçilməsi münasibətilə təbrik edib. Bu o deməkdir ki, Putin Trampla görüşməyə hazırdır. Putin sanksiyalardan qurtulmaq və Trampla Avropa dövlətləri arasında ixtilafı dərinləşdirmək üçün Ağ Evin yeni sahibinin atəşkəs tələbini qəbul edə bilər.
Elxan Şahinoğlu, politoloq