"Arxadan Vurulan Zərbə" filmini hamı izləyib. Güman edirəm ki, baxanların əksəriyyəti filmi bəyənib. Hələ sovet dövründə, SSRİ-də 17 milyon insan bu filmə baxıb. Rejissoru Arif Babayev olan bu filmin süjet xətti əsasən insan iradəsindən, vətən məhəbbətindən və dəyərlərimizin təbliğindən bəhs edir.
Sovet dövründə çəkilsə də, film Azərbaycan mentalitetinin və milli-mənəvi dəyərlərinin təqdimatını qoruyub saxlayıb. Təbii ki, Sovet hökuməti 70 il ərzində bir çox ölkələr kimi Azərbaycana da vurduğu zərbələrlə yadda qalıb. Bu, unudulmamalıdır. Bizim müsbət dəyərlərimizi oğurlayıb özləri istifadə etdilər, amma bizə imkan vermirdilər. Nə qədər çalışsalar da, o dəyərləri, o keyfiyyətləri bu millətdən ala bilmədilər. Biz onları qoruyub saxladıq və bu dəyərlər bizim köhnə filmlərimizdə öz əksini tapır.
İndi açıq dünyadır, o vaxt isə qapalı dünya idi. Qapalı dünyada insanların dünyagörüşünü, ağıl səviyyəsini kütləşdirib bəlli çərçivədə savadlandırmaq və insanların istəklərini minimuma endirmək üçün bütün siyasi qərarları qəbul etdilər. Eyni zamanda, maksimum siyasi məhdudiyyətlər tətbiq etdilər ki, insanlar qapalı dünyanın zindanından qurtula bilməsinlər. İndi isə açıq dünyadır və heç nəyin qarşısını almaq mümkün deyil. Hətta cinayətlər də dəyişib – o vaxtkı cinayətlərin üslubu və forması tamam fərqli idi, indi isə tam başqadır.
Açıq dünyada hər kəs özünü azad hiss etmək istəyir. Lakin "azad" sözünün nə siyasi, nə elmi, nə də mənəvi mənasını bilməyənlər belə azad olmaq istəyir. Ancaq şüursuz azadlıq azadlıq sayılmır. Şüurlu azadlıq qazanmaq isə hər kəsə nəsib olmur. Çünki texnologiyanın qıt dövrlərini yaşayan şəxslər indiki inkişaf etmiş dövrdə dalğalar arasında itib-batırlar.
Bu dalğaların qarışması həmin şəxslərə həyatda nə özlərinə mövqe qurmağa, nə azad yaşamağa, nə də müstəqil olmağa imkan verir. Tamahlarının qurbanına çevrilərək, özlərini bir çox müsbət keyfiyyətlərdən təcrid edirlər. İnsan daxilən azad, müstəqil və mərd olmalıdır. Azadlıqdan, müstəqillikdən və mərdlikdən düzgün istifadə edə bilməlidir. Mənən kölə olanlar heç vaxt azad yaşaya bilməzlər, mənən çürük olanlar isə heç vaxt mərd ola bilməzlər.
Keçək filmə. Orada Fəttah dayı adlı bir obraz var. Onu tanıyanları arxadan zərbə vuraraq aradan götürür, sonda isə özü də həbs olunur.
Bu gün arxadan dövlətinə zərbə vurmaq istəyənlər Fəttah dayının böyük obrazını həyata keçirirlər. Dövləti arxadan sarsıtmağa cəhd edənlər, imkanları olsa, minlərlə zərbə endirərlər ki, bu dövlət yaşamasın. Niyə? Çünki əməllərinə görə hər şeydən özlərini məhrum edib, məğlubiyyət libasını geyiniblər. O libas sizə yaraşır, çıxartmayın onu! Xaricdən və daxildən dövlətin kürəyinə bıçaq sancmaq istəyənlər,
Fəttahlıq etməyin! Sizin hərəkətlərinizi, davranışlarınızı, siyasi addımlarınızı hamı izləyir və dərk edir ki, siz nə etmək istəyirsiniz və kimlərin "mismarı" ilə oturub durursunuz.
Dövlətin ən kövrək, ən həssas dönəmlərində rolunuzu gözəl ifa edirsiniz. "Arxadan Vurulan Zərbə" filmindəki Fəttah obrazını dövlətinə qarşı hər əməlində, hər fürsətdə istifadə edənlər, sizə ayıb olsun, ar olsun!
Unutmayın, yad mismar bir gün sizdə böyük bir iz qoyacaq. O iz hansı xəritədə əks olunacaq, onu siz yaxşı bilirsiniz.
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri