
"Azərbaycan təkcə regionda deyil, eyni zamanda dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və ərazilərimizi işğal etməsindən sonra zəbt etdiyi şəhər və rayonlarda basdırdığı minalar bu gün də ölkəmiz üçün ciddi təhlükə mənbəyi olaraq qalır. 44 günlük Vətən müharibəsindən sonra azad edilən ərazilərimizdə qeydə alınan mina partlayışları və bundan çoxlu sayda vətəndaşlarımızın zərər görməsi deyilənləri təsdiqləyir".
Newscenter.az xəbər verir ki, bunları "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü barədə danpışarkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistan müharibə dövründə nəinki beynəlxalq hüququ, müharibə qanunlarını pozub, hətta ən adi humanitar normalara belə əməl etməyib:
"44 günlük müharibədən sonra Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı tələblərindən sonra Ermənistan mina xəritələrini Azərbaycana təhvil versə də, lakin sonradan məlum oldu ki, həmin xəritələr heç də mövcud reallığı əks etdirmir və onun doğruluğu 25 fazi ətrafındadır. Məhz buna görədir ki, təkcə İkinci Qarabağ Müharibəsindən keçən dövr ərzində 388 nəfər mina terrorunun qurbanı olub. Mina partlayışı nəticəsində 70 nəfər həlak olub ki, onlardan 55-i mülkü şəxs, 15 nəfəri isə hərbi qulluqçudur. Eyni zamanda 318 nəfər mina partlamasından xəsarət alıb. Onlardan 149 nəfəri mülkü şəxs, 169 nəfəri isə hərbçidir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın mina terroru bu gün də davam etməkdədir".
Süleyman