
"Son günlər Azərbaycanla Ermənistan sərhəddində nisbi sabitlik hökm sürür. Görünür, N. Paşinyan artan gərginlik fonunda orduda ciddi nəzarəti bərpa etməyə çalışır. Həmçinin Qazaxın üç kəndinin Azərbaycana qaytarılması istiqamətində müəyyən işlər həyata keçirilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O qeyd edib ki, Ermənistanda müxalifət ciddi şəkildə seçkilərə hazırlıq prosesindədir:
"Parlamentdə müxalifət N. Paşinyanın üzərinə açıq şəkildə gedir. N. Paşinyan orduda keçmiş Qarabağ klanının mövqeyinin qaldığından seçki öncəsi ordudan müxalifətin istifadə edəcəyindən narahatdır. Ona görə də çalışır ki, ordu üzərində ciddi nəzarəti bərpa etsin".
Politoloqun sözlərinə görə, N. Paşinyan seçki öncəsi çalışacaq ki, Azərbaycanla sərhəddə atəşkəsə əməl etsin:
"Amma, ordu daxilində təxribatçı qrupların atəşkəsi pozması mümkündür. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması seçkilərdən sonra baş tutacaq. Seçkilərdən sonra Ermənistanın referenduma gedib, Konustitusiyanı dəyişməsi mümkündür. Təbii ki, Ermənistanda növbədənkənar seçkilər də mümkündür. Çünki, seçkilərin keçirilməsinə kimi müxalifət ciddi şəkildə toparlanmağa çalışır. Müxalifətin güclənməsinin qarşısını almaq üçün N. Paşinyan növbədənkənar seçkiyə gedə bilər".
Fuad