Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Hər birimizin ən müqəddəs borcudur ki,...."



Nəsib Məhəməliyev: "Vətənimizi bütün təxribatlardan qoruyaq, sabitliyin pozulmasına imkan verməyək."

Newscenter.az.30.10.2019.
Müasir Türkiyə cümhuriyyətinin yaradıcısı və qurucusu Qazi Mustafa Kamal Atatürkün, Böyük Millət Məclisində Türkiyəni Cümhuriyyət elan etməsindən 96 il keçdi. Bu münasibətlə başda Ankara olmaqla, dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda təntənəli şəkildə qeyd olundu.

Ancaq 96 il əvvəlki tarixə nəzər yetirəndə, dünya geosiyasətində maraqların, dominant dəyərlərin çox da dəyişmədiyinin şahidi oluruq. Əsrin əvvəlində Türkiyəni birbaşa intervensiya yolu ilə parçalamaq, dünya siyasi xəritəsindən silmək istəyən qüvvələr, son illərdə Türkiyəni müxtəlif texnologiyalardan istifadə edərək zəiflətmək, inkişafının qarşısını almaq, daim digər ölkələrdən həm iqtisadi, həm də siyasi cəhətdən asılı vəziyyətdə saxlamaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər.

İŞİD-lə mübarizə çərçivəsində Suriyada olduqca mürəkkəb bir şəraitin yarandığı, hətta gələcəkdə Türkiyənin dövlət təhlükəsizliyinin, ərazi bütövlüyünün pozulması təhlükəsi heç kim üçün sirr deyildir. Artıq Türkiyə üçün sosial, iqtisadi problemə çevrilmiş 4 milyona yaxın qaçqının öz vətənlərinə qayıtması ciddi problemə çevrilmişdi.

Belə bir vəziyyətdə, Türkiyənin əsrlərə söykənən dövlətçilik ənənəsi , tarixi, türk millətinin, tarixin çətin anlarında yumruq kimi birləşmək bacarığı və siyasi, diplomatik, hərbi rəhbərliyin, reqionda əsas güc sahibləri olan ABŞ, Rüsiya Federasiyası ilə mürəkkəb danışıqlar nəticəsində mühüm qələbələr əldə olundu. Bununla bütövlükdə Yaxın Şərq regionunu uzun müddətli xaosa, anarxiyaya, yeni müharibələrə sürükləyəcək planlar müvəqqəti də olsa pozuldu.

Yuxarı da sadaladığım və bir çox digər dövlətlərin, Türkiyənin narahatlıqlarını normal qarşıladıqlarını bildirsələr də, pərdəarxası qüvvələri bu nəticələr qətiyyən qane etmir.Təsadüfi deyil ki, dünən axşam Amerika Birləşmiş Ştatlarının nümayəndələr palatası, saxta “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini qəbul edib. Eyni zamanda prezident Donald Trampın impiçmenti ilə bağlı dinləmələr başladılıb. Yəqin ki, reallıqdan çıxış edərək Türkiyənin problemlərinə anlayışlı yanaşdığına görə. Yeri gəlmişkən, qonşu Rusiya dövlətinə strateji məsələlərdə dürüst mövqe tutduğuna, verdikləri vədləri vaxtında yerinə yetirdiklərinə və bununla çox saylı insan tələfatının qarşısını aldıqlarına görə təşəkkür etməyi insanlıq naminə özümə borc bilirəm.

Sual oluna bilər ki, başlığa çıxarılmış , vətənpərlik və milli standartların, yazıya nə aidiyyəti var.
“Barış pınarı” əməliyyatı başlanan gündən təbii olaraq Türkiyə cəmiyyətində və dünyada bu hadisələrlə əlaqəli baş verən prosesləri izləyərkən, bilavasitə müharibədə iştirak edən hərbçilərdən tutmuş, kiçikdən böyüyə, cəmiyyətin bütün sahələrini əhatə edən ən müxtəlif peşə sahiblərinin, psixoloji vəziyyəti, davranışları, düşünürəm ki, ən yüksək hörmətə layiqdir. Futbol üzrə yığmanın Avropa çempionatının seçmə turnirində Fransa ilə qarşılaşması və dünya çempionları ilə heç heçə oynayaraq orduları ilə həmrəylik göstərərək əsgər salamı verməsi, türk qızının 100 metr məsafəyə, suyun altında akvalanqsız üzərək dünya rekordu müəyyənləşdirərək Ginnesin rekordlar kitabına adını yazdırması və bir türk gəncinin 24 saat ərzində tərpənmədən canlı heykəl qiyafəsində, hərbi salam verən əsgərin obrazını yaratması, bənzəri olmayan hadisələrdir. Əsl vətənpərvərlik nümunələridir.Halal olsun, belə övladları olan millət heç vaxt basılmaz.
Diqqətimi çəkən məqamlardan biri də, övladlarının oğurlanaraq zorla terror təşkilatlarına cəlb olunan kürd əsilli Türkiyə vətəndaşlarının HDP ofisləri qarşısında aylarla etiraz aksiyaları keçirərək dövlətlə eyni mövqedə dayandıqları da, milli zəmində ayrıseçkilik yaratmaq istəyənlərə ən doğru cavabdır.

Bax budur vətənpərvərlik və türk gəncliyinin yaratdığı milli standartlar.

Reallıq bundan ibarətdir ki, artıq otuz ildir vətənimiz Azərbaycan da erməni faşist terrorizmi ilə mübarizə aparır. Azərbaycan dünya miqyasında özünü güclü, hərtərəfli inkişaf etmiş ölkə olaraq təsdiq etsə də, yeganə həll olunmamış Qarabağ problemi, mövcud ikili standartlara, təəssüfkeşliyə, geosiyasi maraqlara görə həll olunmamış qalır. Bu baxımdan, hər birimizin ən müqəddəs borcudur ki, vətənimizi bütün təxribatlardan qoruyaq, sabitliyin pozulmasına imkan verməyək.
Sonda Türk xalqını bu gözəl bayram münasibətilə təbrik edirəm.

Cümhuriyyətiniz əbədi olsun!!!

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş