Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsu rayonunda 9 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur



Newscenter.az.8.05.2020. Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması da bu tədbirlər sırasındandır.

Başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 km-dir. Yolun Ağsu-Qaradağ hissəsi 20.3 km, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18.7 km təşkil edir.

Yenidənqurma işləri çərçivəsində yararsız asfalt-beton örtük mexanizmlə sökülür, torpaq yatağının yararsız hissələri ekskovatorla qazılıb çıxarılır və ərazidən daşınır, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun kanal ilə paralel olan hissəsində yolun normativ eninin alınması üçün genişmiqyaslı işlər görülür. Torpaq yatağı hazır olan hissələrdə isə əsasın alt və üst layının inşası aparılır. Ümumilikdə torpaq işləri 200 min kv.m-ə yaxın sahəni əhatə edib.

Layihə çərçivəsində yolun yaşayış məntəqələrinin daxilindən keçən 6.5 km-lik hissələrində isə karxana çınqılı ilə yeni yol yatağının, həmçinin 1 km uzunluğunda yeni piyada səkilərinin inşa edilməsinə, kənarlarına yeni səki daşları düzülməsi üçün hazırlıq işləri görülür.
Layihənin sonuncu mərhələsində 9 yaşayış məntəqəsinin giriş yollarında zəruri olan yerlərdə avtobus dayanacaqları, məlumatverici lövhələr, 47 yol nişanı, 80 siqnal dirəyi quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.
Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

Anar
Xəbəri paylaş