Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkilinin xatirələri: "Heydər Əliyev Moskvaya gələnə qədər, işlədiyim institutda dekan belə mənə salam vermək istəmirdi"



Newscenter.az.10.05.2020. Hər il Dünya azərbaycanlıları may ayının 10-da, müasir Azərbaycan dövlətinin qurucusu,ümummilli Lider Heydər Əliyevin doğum gününü hörmət və mütəşəkkilliklə qeyd edirlər. Onun fəxri xiyabandakı qəbri ziyarət olunur, ruhuna dualar oxunur. Müxtəlif ictimai-siyasi şəraitdə, həm SSRİ, həm də müstəqillik illərində dövlət və xalq qarşısındakı xidmətləri xatırlanır.
Bu gün ümummilli Liderin doğum günüdür. Ancaq koronovirus pandemiyasına görə kütləvi tədbirlər keçirilmir.
Dəyərli dostlar.

1983-cü ildə Kuybışev Dəmir yolu nəqliyyatı mühəndisləri institutunda təhsil alarkən təsadüfən rastlaşdığım bir hadisəni bölüşmək istərdim.
Moskva Ali məktəblərindən birində müəllim kimi çalışan həmyerlimiz (səhv etmirəmsə, fəlsəfə üzrə),iki həmkarı ilə bizim instituta gəlmişdi. Həmin vaxt Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı kommunist partiyası siyasi bürosunun üzvü, SSRİ nazirlər sovetinin 1-ci müavini təyin olunmuşdu. Təbii ki, kiçik bir respublikanın rəhbərinin ilk dəfə belə bir yüksək vəzifəyə təyin olunması sıradan bir hadisə deyildi.
Tanışlıqdan sonra həmin müəllim danışırdı ki, Heydər Əliyev Moskvaya gələnə qədər, işlədiyim institutda dekan belə mənə salam vermək istəmirdi. Ancaq, Heydər Əliyev siyasi büro üzvü seçildikdən sonra rektor şəxsən gəlib məni təbrik etdi və istənilən məsələlərlə bağlı müraciət edə biləcəyimi dedi. Halbuki, mən heç vaxt həyatda Heydər Əliyevi görməmişəm. Onlara elə gəlirdi ki, istədiyim zaman Heydər Əliyevlə görüşə, müraciət edə bilərəm. O dövrü yaşayan insanlar yaxşı xatırlayır. Heydər Əliyev bütün Sovetlər İttifaqında Azərbaycanı tanıtmaqla, sadəcə adıyla, tanımadığı minlərlə həmvətənlərimizə kömək etmişdir.

Sonralar ümummilli Lider öz müsahibələrinin birində deyir. Mən Moskvaya təyinat alandan sonra Azərbaycandan hər gün xeyli şikayət məktubları, təşkil olunmuş teleqramlar Mərkəzi komitəyə göndərilirdi. Ancaq Eduard Şevardnadze xarici işlər naziri təyin olunanda Gürcüstandan kisələr dolu təbrik teleqramları gəlirdi.

Əziz həmvətənlər. Mənə elə gəlir ki, düşünmək üçün mövzu var. Xalqımızın bir çox gözəl ənənələri ilə yanaşı, bəzi xoşa gəlməz xüsusiyyətləri də kifayətdir ki, bizim onlardan qurtulmağımız olduqca vacibdir. Genetik yaddaşımızda dərin kök salmış yersiz paxıllıq, qıcqanclıq, şər,böhtan və bir çox neqativlərdən xilas olmalıyıq.

Allah Ümummilli Liderin ruhunu şad etsin.

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş