Newscenter.az.22.05.2020. ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov və ABŞ-ın Oklahoma ştatının Kənd Təsərrüfatı naziri Bleyn Artur arasında onlayn görüş keçirilib. Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger, Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Elin Sülyemanov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyasının direktoru Caydev Sinx və USACC-nin Direktorlar Şurasının sədri Reza Vəziri iştirak ediblər.
USACC-nin Direktorlar Şurasının sədri Reza Vəziri görüşü açaraq, Azərbaycanla Oklahoma ştatı arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsinə Palatanın dəstəyinin davam edəcəyini bir daha vurğulayıb.
Newscenter.az-a nazirlikdən bildirilib ki, görüş zamanı nazirlər Azərbaycan və Oklahoma ştatının kənd təsərrüfatında hazırki vəziyyət, eləcə də qlobal pandemiyanın bu sektora təsiri barədə müzakirələr aparıblar.
İnam Kərimov Azərbaycanda hökumətin görmüş olduğu qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğunu bildirib.
Öz növbəsində, Bleyn Artur pandemiyanın ştatın kənd təsərrüfatına təsiri barədə nazir İnam Kərimovu məlumatlandırıb.
Tərəflər qlobal pandemiya kimi çətin dövrlərdə kommunikasiya xətlərinin açıq saxlanılması barədə razılaşıb və tərəfdaşlıq əlaqələrinin spesifik layihələrlə, xüsusilə kənd təsərrüfatında təhsil sahəsində layihələrlə gücləndirməyə hazır olduqlarını ifadə ediblər.
Səfir Örl Litzenberger və səfir Elin Sülyemanov Azərbaycanla Oklahoma ştatı arasında tərəfdaşlığa, eləcə də ötən il Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti arasında yaranmış əlaqələrə davamlı dəstəklərini bir daha vurğulayıblar.
Görüş ABŞ-Azərbaycan Ticarət Palatası və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyası (USAID/Azərbaycan) arasında ötən ilin aprel ayında imzalanmış tərəfdaşlıq sənədi çərçivəsində təşkil edilib.
Ötən il USACC, USAID/Azərbaycan, Oklahoma ştatının Ticarət və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu təşkil edilib. Kənd Təsərrüfatı naziri İnam Kərimovun başçılığı ilə 18 şirkət və təşkilatdan ibarət ticarət missiya forumda iştirak etmək üçün Oklahoma ştatına səfər edib. Üç gün davam edən foruma 100-dən artıq kənd təsərrüfatı mütəxəssisi və özəl sektor nümayəndələri qatılıb.
Orxan