Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir



Newscenter.az.22.05.2020. Son illər dünya iqtisadiyyatında baş verən təlatümlər, xüsusən də yeni növ koronavirus infeksiyasının (COVID-19) qısa bir zaman ərzində geniş vüsət alması iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb. Onların arasında şəffaflığın yüksəldilməsi, hesabatlılığın, uçot və nəzarət sisteminin təkmilləşdirilməsi, vergi siyasəti və kölgə iqtisadiyyatına qarşı mübarizə müstəsna əhəmiyyət daşıyır. Belə olan təqdirdə kölgə iqtisadiyyatına qarşı mübarizənin xarakteri iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsini və normativ hüquqi aktların yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsini, audit institutunun əhəmiyyətliyinin artırılmasını, vergiqoyma və gömrük sahəsində sağlam rəqabət münasibətlərinin yaradılmasını, hesabatlılığın və uçotun beynəlxalq standartlar nəzərə alınmaqla səmərəli təşkilini, nağdsız ödənişlərin səviyyəsinin ciddi surətdə artırılmasını, korrupsiyaya qarşı mübarizənin daha da dərinləşdirilməsini tələb edir.

Ölkədə sahibkarlığın inkişafı sahəsində şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə çox vacib məsələlərdən biridir. Son illərdə vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı görülmüş işlər ölkədə şəffaflığın təmin olunmasına xidmət edir. Bildiyimiz kimi, statistikaya əsasən, 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Eyni zamanda 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd.manatı üstələmişdir. Nəticədə isə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Bununla yanaşı pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi, buna paralel təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı.

Lakin qeyd olunanlarla yanaşı ümumi iqtisadi vəziyyət nə qədər yaxşı olsa da, biz problemlərimizin mövcud olduğunu da gizlətmir və onların həlli yolları üzərində səylə çalışırıq. Belə problemlərdən biri də digər ölkələrdə olduğu kimi, bizdə də kölgə iqtisadiyyatının mövcudluğudur. Son vaxtlar Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə getdikcə daha geniş vüsət almaqdadır ki, bunun da əsasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Azərbaycan Prezidentinin kölgə iqtisadiyyatına dair fikirlərini xatırlatmaq yerinə düşərdi: “Kölgə iqtisadiyyatı böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq... Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa, düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır”. Dövlətimizin başçısı, həmçinin qətiyyətlə bəyan edir ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır, kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir.

Anar MƏMMƏDOV,
Milli Məclisin deputatı
Xəbəri paylaş