Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramiz Alıyev: "Sosial şəbəkələr söyüş, qeyri etik davranış, terrora, qarşıdurmaya çağırış platformasına çevrilib"



Newscenter.az.30.05.2020. "Sosial şəbəkələrin məsuliyyətsizliyi artıq real təhlükəyə çevrilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Ramiz Alıyev ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında imzaladığı sərəncama münasibət bildirərkən səsləndirib.

O, bildirib ki, Trampın bu sərəncamı reallığı əks etdirir:

"Söhbət təkcə, ABŞ-dan getmir, istənilən ölkədə sosial şəbəkə azaddır və bu azadlıqdan sui-istifadə halları da yetərincədir. Trampın məlum sərəncamı heç də internet azadlığının pozulması kimi dəyərləndirilməməlidir. Əgər internet üzərindən terrora, müharibəyə, qarşıdurmaya, vətəndaşlara təhqir çağırışları varsa, eyni zamanda ictimaiyyətə başqa formada fikirlər çatdırılırsa və bu da çaşqınlıq yaradırsa, bunun qarşısı alınmalıdır".

R.Alıyev qeyd edib ki, sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır:

"Götürək bizim ölkəmizi. Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir. Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan bu qlobal prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir".

Onun fikrincə, sosial şəbəkələr söyüş, qeyri etik davranış, terrora, qarşıdurmaya çağırış platformasına çevrilib. Müxtəlif ölkələrdə sabitliyin pozulması prosesi də buradan idarə olunur:

"Elə bundan irəli gəlib ki, bəzi ölkələrdə şəbəkələrdən istifadə məhdudlaşdırılıb, ya da tamamilə qadağan edilib. Məsələn, Çində Facebook, Twitter kimi sosial media tətbiqetmələrinə, Google-a və Vikipediyaya giriş yasaqdır. Rusiya da internet meydanıan ciddi nəzarət edən dövlətlərdəndir. İran da sosial şəbəkələrə girişi qadağan edən ölkələrdən biridir. Türkmənistanda Whatsapp Messenger və Viber, eləcə də Youtube, Facebook, Twitter, Vkontakte qadağandır. Türkmənistan hakimiyyəti ölkədə sosial şəbəkələrin istifadəsinə tənqidi yanaşır. Pakistan Whatsapp, Viber, Skype, Facebook və Youtube kimi şəbəkələr üçün qadağa tətbiq edib. Misir, Vyetnam, Şimali Koreyada da qadağalar mövcuddur. Düzdür, əksəriyyət buna internet azadlığının pozulması kimi yanaşır. Ancaq əgər internet üzərindən terrora, müharibəyə, qarşıdurmaya, vətəndaşlara təhqir çağırışları varsa, bunun qarşısı alınmalıdır".

Politoloq sonda qeyd edib ki, sosial şəbəkələrin məsuliyyətsizliyi artıq real təhlükəyə çevrildiyindən bu özbaşınalığa son qoyulmalıdır. Artıq beynəlxalq və ölkələr səviyyəsində bu istiqamətdə iş görməyin, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilməsinin zamanıdlr:

"Bu qanunlar bir ölkəni yox, bütün dünyanı sosial şəbəkə təhlükəsizliyindən qorumuş ola bilər".
Xəbəri paylaş