Newscenter.az.27.10.2020. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşları “WhatsApp” üzərindən məşhur şirkətlərin adından həyata keçirilən “fişinq” kampaniyaları barədə xəbərdar edir.
Newscenter.az-a qurumdan bildirilib ki, kiberdələduzlar istifadəçiləri “tələ”yə salmaq məqsədilə onlara “WhatsApp” üzərindən “Adidas” və digər məşhur şirkətlərin adından “spam” mesajlar göndərərək həmin şirkətlərin yubileyi münasibətilə pulsuz məhsulların paylandığını bildirirlər.
Hədiyyəni əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq anketi doldurması istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir.
Bununla yanaşı, istifadəçidən, həmçinin mobil nömrəsini daxil etməklə həmin mesajı nömrə siyahısında olan 20 “WhatsApp” istifadəçisinə göndərməsi tələb olunur.
Kiberdələduzların məqsədi saxta reklam baxışları toplamaqla “asan” yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.
Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır.
Vətəndaşlardan xahiş olunur ki, hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar.
Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.
Sevinc