
"Putin Rusiyasının son 35 ildə müstəqil postsovet ölkələrinə qarşı yürütdüyü açıq müharibə və hibrid müharibə siyasəti onun da iblisanə missiyanın daşıyıcısı olduğunu göstərir. Kremlin Gürcüstana, Ukraynaya, Moldovaya və Azərbaycana qarşı etdiyi pisliklərdən sonra, indi də Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmağa, qərbyönümlü Nikol Paşinyanı ən müxtəlif üsullarla devirməyə çalışması açıq-aşkar şeytani əməldir".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, qonşu ölkələrə qarşı bu cürə davranmağın başqa adı yoxdur:
"Baxırsan, bir tərəfdən Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Nikol Paşinyanı ölümlə hədələyir, o biri yandan Kremlin təbliğat nökərlərindən biri olan Sergey Mardan “Solovyov Live”ın efirində çıxışı zamanı Kremlin İrəvana “500 desantçı göndərərək” Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti devirməli olduğunu bildirir, "Rosselxoznadzor" adlı qurum isə Kremlin göstərişi ilə Ermənistan məhsullarının Rusiyaya idxalına gülünc bəhanələrlə yasaq qoyur. Eyni zamanda, 7 iyun seçkilərinin nəticələrinin saxtalaşdırılması üçün Rusiyadakı ermənilər Kremlin diktəsi ilə bugünlərdə Ermənistana göndərilir".
Komitə sədri qeyd edib ki, bütün bunlar Rusiyanın sivil dövlət olmadığını, onun heç kimlə normal qonşuluq münasibətləri qura bilmədiyini göstərir:
"Məhz buna görə də heç kim Rusiyaya etibar etmir. Keçmiş sovet respublikalarının bir çoxu bu gün haqlı olaraq Rusiya ilə məsafə saxlamağa və ya ən azından balanslı, çoxvektorlu siyasət yürütməyə üstünlük verirlər. Çünki başa düşürlər ki, Rusiya kimi qeyri-sivil, zorakı dövlət ilə müttəfiqliyin heç bir müsbət perspektivi yoxdur".
Süleyman












































