Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Azərbaycan xalqından üzr istədi



Könül Nurullayeva: "Ermənistan isə döyüş meydanında darmadağın olmaqla canını qurtara bilməyəcək"

Newscenter.az.13.11.2020. "Noyabrın 13-də Milli Məclisin İntizam komissiyasının iclasında mənim barəmdə intizam tədbirinin tətbiqi məsələsinə baxılıb. Noyabrın 12-də mənim Türkiyənin TV Net telekanalına müsahibəm zamanı canlı yayımda səsləndirdiyim fikirlər Azərbaycanın dövlət siyasətinə zidd hesab olunub, qeyd olunub ki, bu, Azərbaycan cəmiyyətinin və Milli Məclisin mövqeyini əks etdirmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. O, qeyd edib ki, müzakirələrin yekununda İntizam Komissiyası barəmdə töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib:

"Komissiyanın və Parlament rəhbərliyinin qərarına hörmətlə yanaşır, milli və dövlətçilik maraqlarını rəhbər tutmaqla Prezident İlham Əliyevin rəhbərliyi altında fəaliyyətimizi davam etdiririk".

Deputat daha sonra bunları qeyd edib:

"Hörmətli həmvətənlərim, 30 ilə yaxındır, vətən həsrəti ilə yaşayan soydaşlarımız Azərbaycan Ordusunun rəşadəti sayəsində öz doğma yurdlarına qayıdacaq. Bu vaxta qədər dövlətin yüksək səviyyəli qayğısı ilə əhatə olunan köçkünlərimizin yeganə istəyi öz doğma yurduna dönmək idi. Təəssüf ki, bu kateqoriyadan olan çoxsaylı insanlarımız bu xoşbəxt günləri görmədən, yurd həsrəti ilə dünyadan köçdü. Amma bu gün müqəddəs şəhidlərimiz kimi, onların da ruhu şaddır, çünki övladları, nəvələri illər sonra ata ocağını yenidən isidəcək, ata ocağının çırağını yenidən yandıracaq. Dövlət başçımızın da söylədiyi kimi, biz bu günləri gördüyümüz üçün həqiqətən də xoşbəxt nəsilik. Azərbaycan bu illər ərzində işğalın səbəb olduğu humanitar fəlakətin nəticələrini aradan qaldırmaq istiqamətində böyük işlər görüb".

Kpnül Nurullayeva bildirib ki, səfalət içində sürünən Ermənistan isə döyüş meydanında darmadağın olmaqla canını qurtara bilməyəcək:

"İşğal nəticəsində Azərbaycana dəymiş ziyanın ödənilməsilə bağlı hüquqi addımlar atılacaq və düşmən törətdiyi hərbi cinayətlərin bədəlini beynəlxalq hüquq qarşısında ödəyəcək. Dövlət başçımız bu barədə bəyan edib - artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə görə cavab verəcəklər. Düşmən o qədər məkrlidir ki, maddi mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Bu günlərdə nüfuzlu BBC telekanalının reportajında da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər. Apara bilmədiklərinə isə od vurub yandırır, məhv edirlər. Bu talançılığın, vandallığın bədəlini mütləq ödəyəcəklərini bilə-bilə... Bir neçə gün əvvəl Türkiyənin Tvnet kanalına açıqlamamda zəif internet bağlantısı səbəbindən mən Ermənistanın təzminat ödəməsi ilə bağlı suala cavab olaraq, fikrimi sona qədər çatdıra bilmədim. Bu vəziyyətdən yaranmış olan anlaşılmazlığa görə soydaşlarımızdan üzr istəyirəm. Mənim dövlətimizə və xalqımıza bilərəkdən vurulan zərərlə bağlı təzminatın ödənilməsinə dair mövqeyim açıq və aydındır – Ermənistan birmənalı şəkildə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Yoxsul, səfil Ermənistan dövlətimizə və soydaşlarımıza vurduğu maddi və mənəvi zərəri ödəməyə məcburdur. Bu, beynəlxalq hüququn tələbidir. Belə bir təcrübə artıq var, söhbət Çıraqov qardaşları və digərlərinin işi üzrə Avropa Məhkəməsinin qərarından gedir. Ermənistan dövlətinin Çıraqov qardaşları ilə birlikdə 6 nəfərə təzminat ödənilməsilə bağlı Avropa Məhkəməsinin qərarında da qeyd olunur ki, Ermənistanın işğalı nəticəsində bu insanlara zərər dəyib. Bu gün təzminatın verilməsi tələbilə çıxış etmək üçün əlimizdə kifayət qədər arqumentlərimiz var. Mənim bütün vətəndaşlarımıza, o cümlədən məcburi köçkün soydaşlarımıza münasibətim hər zaman eyni olub. Bu gün ərazilərimizin işğaldan azad olunmasına həm bir Azərbaycanlı, həm də məcburi köçkün statusundan xilas olan xalqın nümayəndəsi kimi sevinirəm. Tam səmimiyyətimlə deyirəm - sevinciniz sevincim, kədəriniz kədərimdir. Mən vətənimi, dövlətimi, xalqımı sevirəm, buna heç kimin şübhəsi olmamalıdır. Tanrı Azərbaycanımızı qorusun!".

Anar
Xəbəri paylaş