Newscenter.az.4.03.2021. “Ermənistan gələcəyi və bölgədə yaranan yeni imkanlar barədə düşünməlidir”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu “Karnegi Avropa Fondu”nun baş elmi əməkdaşı, Cənubi Qafqaz regionu üzrə ekspert Tomas de Vaal Ermənistanın “Futures Studio” təşkilatının onlayn müzakirəsində deyib.
Onun sözlərinə görə, Ermənistan üçün bu imkanlardan biri Türkiyə ilə münasibətləri normallaşdırmaqdır.
Ermənistan və Azərbaycan arasında sülhün qurulması ilə bağlı suala cavabında ekspert bildirib ki, bunun üçün hər iki ölkənin cəmiyyətlərində iş aparılmalıdır: “Ermənistan və Azərbaycan münasibətlərin normallaşdırılması, ticari-iqtisadi əlaqələrin və insanlar arasında təmasların qurulmasını gələcək hədəflər kimi müəyyən edilə bilər”.
T.Vaal qeyd edib ki, Ermənistan cəmiyyətində nəyisə kifayət qədər sürətlə dəyişmək imkanı var, belə ki, ölkə kiçikdir və üç milyon insanın həyatını transformasiya etmək daha asandır.
O, müharibədən sonra Azərbaycanın mövqeyinin daha da gücləndiyini, Ermənistanın mövqeyinin isə çox zəiflədiyini əlavə edib.