
Tarixən elə şəhərlər olub ki, onlar xəritədəki coğrafi məkan olmaqdan çıxaraq dövlətlərin siyasi taleyini, xalqların milli yaddaşını və gələcək inkişaf kursunu müəyyən edən strateji simvollara çevrilib. XXI əsrin Azərbaycanı üçün Şuşa məhz belə şəhərlərdəndir. Bu gün Şuşa təkcə işğaldan azad edilmiş şəhər deyil, o, Azərbaycanın qalib dövlət modelinin, milli özünəinamının və yeni geosiyasi düşüncəsinin formalaşdığı əhəmiyyətli mərkəzidir. Məhz buna görə burada keçirilən Qlobal Media Forumu beynəlxalq media tədbirindən daha böyük məna daşıyır. Şuşadan dünyaya tirajlanan hər fikir, verilən hər mesaj və qurulan hər dialoq yeni dünya nizamında Azərbaycanın strateji mövqeyini ifadə edən siyasi manifestə çevrilir.
XXI əsrin beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü artıq yalnız hərbi arsenalın həcmi və ya iqtisadi göstəricilərlə ölçülmür. Müasir dövrün əsas üstünlüyü informasiya məkanına təsir etmək, qlobal gündəmin formalaşmasında iştirak etmək və öz siyasi həqiqətlərini beynəlxalq ictimai rəyə qəbul etdirmək bacarığıdır. Bu mənada müharibələrin taleyi nəinki döyüş meydanlarında, həmçinin, informasiya məkanında, diplomatik platformalarda və ictimai şüurun formalaşdığı kommunikasiya mühitində həll olunur. Məhz buna görə Şuşa Qlobal Media Forumu adi beynəlxalq tədbir deyil. O, Azərbaycanın yeni geosiyasi reallıqlarını dünyaya təqdim edən strateji platformadır. Burada verilən mesajlar təkcə jurnalistlərə deyil, dövlətlərə, beynəlxalq təşkilatlara, analitik mərkəzlərə və qlobal qərarverici dairələrə ünvanlanır. Şuşanın forum məkanı kimi seçilməsi də təsadüfi qərar deyil. Bu seçim Azərbaycanın siyasi strategiyasının ayrılmaz hissəsidir. Bir vaxtlar işğalın və beynəlxalq ədalətsizliyin simvolu olan şəhər bu gün qalib dövlətin özünəinamını, quruculuq iradəsini və gələcəyə baxışını təcəssüm etdirən məkana çevrilib. Bu transformasiya yalnız şəhərin bərpası deyil, o cümlədən siyasi simvolun geosiyasi kapitala transformasiya prosesidir. Müasir dünyada dövlətlər təkcə ərazilər uğrunda deyil, həm də narrativlər uğrunda mübarizə aparırlar. Kim hadisələrin mahiyyətini izah edir, kim beynəlxalq auditoriyanı inandıra bilir və kim informasiya axınının istiqamətini müəyyənləşdirirsə, geosiyasi üstünlük də böyük ölçüdə onun tərəfində olur. Bu aspektdən Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyasının ən uğurlu nümunələrindən biri kimi xarakterizə edilə bilər. Forumun əsas özəlliyi ondadır ki, burada media hadisələri müşahidə edən tərəf deyil, beynəlxalq münasibətlərin fəal iştirakçısı kimi yer alır. Süni intellekt, dezinformasiya, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və strateji kommunikasiya kimi mövzular ətrafında aparılan müzakirələr göstərir ki, informasiya artıq texniki resurs deyil, milli təhlükəsizliyin və dövlət siyasətinin mühüm komponentinə çevrilib. Beləliklə, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, yeni siyasi düşüncəsinin laboratoriyasıdır. Burada formalaşan ideyalar və səslənən mesajlar təkcə bugünkü geosiyasi reallıqları şərh etmir, həm də gələcəyin regional təhlükəsizlik arxitekturasının konturlarını müəyyənləşdirir.
Şuşa: Simvolun siyasi kapitala çevrilməsi
Tarix sübut edir ki, böyük dövlətlərin siyasi nüfuzu təkcə iqtisadi və hərbi güclə ölçülmür. Onlar eyni zamanda öz simvollarını yaradan, həmin simvollara siyasi məna qazandıran və nəticədə onları beynəlxalq təsir alətinə çevirən beynəlxalq arenanın subyektləridir. Necə ki, Afina demokratiyanın, Roma imperiya qüdrətinin, Cenevrə beynəlxalq hüququn, Davos qlobal iqtisadi dialoqun, Münhen isə təhlükəsizlik siyasətinin rəmzinə çevrilib. Eləcə də XXI əsrdə də Şuşanın Azərbaycanın yeni dövlətçilik fəlsəfəsinin və regional liderlik iddiasının simvolu kimi təsiri genişləndiyini desək yəqin ki, yanılmarıq. Bu gün Şuşa təkcə azad edilmiş şəhər deyil. O, Azərbaycanın milli iradəsinin təntənəsini, dövlətin bərpa gücünü və gələcəyə inamını özündə birləşdirən siyasi məkandır. Dünən dağıdılmış küçələrində həyatın yenidən canlanması, bu gün isə dünyanın aparıcı media nümayəndələrinin və ekspertlərinin burada gələcəyin təhlükəsizlik çağırışlarını müzakirə etməsi təsadüf deyil, bu tarixi qələbənin siyasi məna qazanmasının ən parlaq nümunəsidir. Məhz buna görə də Şuşa Qlobal Media Forumu klassik media tədbiri çərçivəsinə sığmır. Dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər və analitiklər artıq Qarabağ münaqişəsinin tarixini deyil, postmünaqişə dövrünün yeni geosiyasi reallıqlarını müzakirə etmək üçün Şuşaya gəlirlər. Bu dəyişiklik Azərbaycanın qlobal gündəliyin obyektindən onun müəlliflərindən birinə çevrildiyini göstərən mühüm siyasi göstəricidir. Forumun proqramına nəzər saldıqda da bu yanaşma özünü aydın şəkildə göstərir. Süni intellekt, dezinformasiya, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, geosiyasi rəqabət, media məsuliyyəti və strateji kommunikasiya kimi mövzular bir daha təsdiqləyir ki, XXI əsrin əsas mübarizə meydanı artıq yalnız fiziki sərhədlərlə məhdudlaşmayan, informasiya və ideyalar məkanıdır. Bu nöqteyi-nəzərdən Şuşa qlobal fikir mübadiləsinin yeni ünvanına çevrilmək iddiasını ortaya qoyur. Forumun ən mühüm üstünlüklərindən biri Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə açıq və şəffaf münasibət bildirməsidir. Müasir diplomatiyada belə formatlara nadir hallarda rast gəlinir, dövlət rəhbərləri əksər hallarda əvvəlcədən razılaşdırılmış müsahibələrə üstünlük verirlər. Şuşada isə fərqli mənzərə müşahidə olundu: sərbəst suallar, birbaşa cavablar və şəffaf müzakirə mühiti. Bu format təsadüfi seçim deyildi. Dövlət başçısının müxtəlif ölkələrin jurnalistlərinin suallarını vasitəçisiz cavablandırması Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya birbaşa çatdırmaqla yanaşı, informasiya manipulyasiyası imkanlarını da minimum səviyyəyə endirir. Bu, eyni zamanda Azərbaycanın öz mövqeyinə inamının, arqumentlərinin əsaslı olduğuna əminliyinin və beynəlxalq auditoriya ilə açıq ünsiyyətdən çəkinmədiyinin nümayişidir. Strateji kommunikasiya baxımından bu, mühüm üstünlük yaradır. Çünki informasiya əsrində etimad təkcə deyilən fikirlərlə deyil, həmin fikirlərin necə təqdim olunması ilə də formalaşır. Prezident İlham Əliyevin kommunikasiya üslubu da bu kontekstdə xüsusi diqqət çəkirdi. Çıxış emosional polemika üzərində deyil, faktlar, hüquqi arqumentlər, tarixi ardıcıllıq və siyasi məntiq üzərində qurulmuşdu. Bu yanaşma qlobal auditoriyanın gözləntilərinə cavab verən müasir siyasi kommunikasiya modelidir. İnformasiya dövriyyəsinin çox olduğu bu dövrdə ən güclü arqument emosional bəyanat deyil, inandırıcı fakt və ardıcıl məntiqdir. Bu yanaşma strateji kommunikasiya baxımından Azərbaycanın mühüm üstünlüklərindən biridir. Şuşa Forumunun ildən-ilə artan nüfuzu artıq yeni bir siyasi fenomenin formalaşdığını təsdiq edir. Burada yalnız çıxışlar edilmir, yeni siyasi yanaşmalar, regional təhlükəsizliklə bağlı baxışlar təqdim olunur və gələcəyin geosiyasi gündəliyi müzakirə edilir. Məhz buna görə bu platformanı şərti olaraq “Şuşa Doktrinası” adlandırmaq mümkündür. Bu doktrina hərbi qələbənin siyasi legitimliyə, siyasi legitimliyin beynəlxalq etimada, beynəlxalq etimadın isə strateji nüfuza transformasiyasi fəlsəfəsinə əsaslanır. Onun əsas prinsipləri suverenliyin qətiyyətlə qorunması, müstəqil xarici siyasət, beynəlxalq hüquqa söykənən mövqe, quruculuğun dövlət gücünün əsas göstəricilərindən biri kimi təqdim olunması, strateji kommunikasiyanın milli təhlükəsizliyin ayrılmaz elementi kimi qəbul edilməsi və əməkdaşlığın qarşıdurmadan fərqli olaraq prioritet kimi müəyyənləşdirilməsidir. Əslində, Şuşadan dünyaya təqdim olunan əsas mesaj bunu ehtiva edir: XXI əsrdə qələbə qazanmaq yalnız müharibənin qalibi olmaq deyil, həmçinin, burada əsl qələbə həmin uğuru davamlı inkişaf modelinə, beynəlxalq nüfuza və qlobal siyasi etimada çevirə bilməkdədir. Azərbaycanın Şuşada əks etdirdiyi model məhz bu strateji yanaşmanın praktik ifadəsidir.
Şuşa Qlobal Media Forumunun əsas hadisəsi təkcə dünyanın müxtəlif ölkələrindən yüzlərlə media nümayəndəsinin iştirakı ilə məhdudlaşmırdı. Forumun əsl siyasi çəkisi Prezident İlham Əliyevin beynəlxalq auditoriya qarşısında səsləndirdiyi mesajlarda və bu mesajların yaratdığı geosiyasi rezonansda idi. Bu çıxış yalnız jurnalistlərin suallarına verilən cavablar toplusundan ibarət deyildi, o, Azərbaycanın müasir dövlətçilik fəlsəfəsinin, xarici siyasət kursunun və regional baxışının konseptual təqdimatını özündə ehtiva edirdi. Bəzən bir çıxış gündəlik xəbərin ömrü qədər yaşayır, bəzən isə siyasi tarixə çevrilir. Şuşadan səslənən fikirlər də bu qəbildəndir. Çünki burada söhbət cari siyasi polemikadan deyil, dəyişən dünya nizamında Azərbaycanın öz yerini necə dəyərləndirməsindən gedir. Dövlət başçısı İlham Əliyevin çıxışında diqqəti cəlb edən əsas xüsusiyyət müdafiə olunan mövqedən təşəbbüskar mövqeyə keçidin aydın şəkildə ifadə olunması idi. Uzun illər Azərbaycan beynəlxalq platformalarda daha çox işğal faktını izah etməyə, beynəlxalq hüququn tələblərini xatırlatmağa və ikili standartlara diqqət çəkməyə məcbur olmuşdur. Bu gün isə vəziyyət tamamilə dəyişib. Azərbaycan artıq öz mövqeyini müdafiə edən deyil, regional gündəliyi formalaşdıran, təşəbbüslər irəli sürən və geosiyasi proseslərə istiqamət verən beynəlxalq subyekt statusundadır. Əslində, Şuşadan verilən ən mühüm mesaj da məhz bunu ehtiva edir: qalib dövlət yalnız müharibəni qazanan dövlət deyil; qalib dövlət sülhün şərtlərini müəyyən edən, inkişafın istiqamətlərini göstərən və gələcəyin siyasi arxitekturasını qurmağa qadir olan dövlətdir. Bu yanaşma təsadüfi deyil. Son illərdə Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri, Orta Dəhlizin inkişafı, Türk Dövlətləri Təşkilatının institusional güclənməsi, COP29 kimi qlobal tədbirlərə ev sahibliyi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa proqramları göstərir ki, Bakı artıq regional proseslərin iştirakçısı olmaqla kifayətlənmir, o həm də bu proseslərin əsas müəlliflərindən birinə çevrilmək iddiasını praktik addımlarla nümayiş etdirir. Şuşada səslənən fikirlər bu baxımdan yeni geosiyasi düşüncənin əsas tezislərini özündə konsolidasiya edir. Burada diqqət mərkəzində keçmiş münaqişə deyil, gələcəyin təhlükəsizlik modeli dayanır. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycanın siyasi baxışı revanşizm üzərində deyil, sabitlik, iqtisadi inteqrasiya və qarşılıqlı maraqlar üzərində inşa edilmişdir. Bu isə müasir beynəlxalq münasibətlərdə məsuliyyətli regional lider modelinin əsas xüsusiyyətlərindən biridir.
Prezident İlham Əliyevin çıxışının ən diqqətçəkən məqamlarından biri 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin yalnız hərbi uğur kimi deyil, yeni inkişaf mərhələsinin başlanğıcı olaraq təqdim edilməsidir. Tarix göstərir ki, hərbi qələbələrin əhəmiyyətini müəyyən edən əsas amil onların sonrakı siyasi nəticələridir. Döyüş meydanında qazanılan üstünlük yalnız quruculuq siyasəti ilə möhkəmləndirildikdə strateji qələbəyə çevrilir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda inşa olunan şəhərlər, beynəlxalq hava limanları, avtomobil və dəmir yolları, “yaşıl enerji” layihələri və müasir yaşayış məntəqələri yalnız iqtisadi layihələr deyildir, onlar, həmçinin, dövlətin siyasi iradəsinin, milli potensialının və uzunmüddətli inkişaf strategiyasının bariz nümunəsidir. Şuşada Prezident İlham Əliyevin təqdim etdiyi əsas siyasi məntiq də məhz bundan ibarət idi: qələbənin həqiqi dəyəri yalnız azad edilmiş torpaqlarla deyil, həmin torpaqlarda inşa edilən yeni həyatlarla ölçülür. Bu yanaşma Azərbaycanın postmünaqişə inkişaf modelini klassik geosiyasi yanaşmalardan fərqləndirir. Burada hərbi güc son məqsəd deyil, o, təhlükəsiz inkişaf üçün yaradılmış siyasi imkanın başlanğıc nöqtəsidir.
Görünən odur ki, yeni siyasi fəlsəfənin fundamental prinsipi suverenlikdir. Şuşa Forumunda səslənən fikirlər Prezident İlham Əliyevin siyasi baxışında suverenliyin yalnız beynəlxalq hüquq termini deyil, dövlət idarəçiliyi, xarici siyasət və milli inkişaf strategiyasının əsas prinsipi olmasına birbaşa işarədir. Bu fəlsəfəyə əsasən, suverenlik yalnız sərhədlərin toxunulmazlığı demək deyil, eyni zamanda milli qərarların kənar təsirlərdən asılı olmadan qəbul edilməsi, xarici siyasətdə müstəqil seçim imkanının qorunması, milli maraqların qlobal siyasi konyunkturadan üstün tutulması və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsipinin ardıcıl müdafiəsidir. Məhz bu səbəbdən Şuşadan səslənən mesajlar yalnızca region dövlətləri deyil, bütövlükdə beynəlxalq siyasi sistemə ünvanlanmışdı. Tirajlanan əsas fikir budur ki, Azərbaycan öz gələcəyini başqalarının hazırladığı ssenarilər fonunda yox, milli maraqlarının təməlini təşkil edən müstəqil strateji baxış əsasında qurur.
Bəlli olduğu kimi, müasir beynəlxalq münasibətlərdə sülhdən bəhs etmək asandır, onu təmin edəcək siyasi iradəni nümayiş etdirmək isə daha çox iradə tələb edir. Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı həm də bu baxımdan fərqlənirdi. Burada sülh emosional çağırış və yaxud diplomatik ritorika kimi deyil, geosiyasi reallıqlara söykənən strateji alternativ kimi təqdim olunurdu. Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin əsas məntiqi birmənalıdır: Cənubi Qafqaz uzun illər sürən qarşıdurmaların məkanı deyil, əməkdaşlığın simvolu olan coğrafiyaya çevrilməlidir. Bu yanaşma regionun gələcəyini hərbi balans üzərində deyil, qarşılıqlı hörmət, beynəlxalq hüquq, iqtisadi inteqrasiya və açıq kommunikasiyalar üzərində qurmağı nəzərdə tutur. Beləliklə, sülh yalnız siyasi məqsəd deyil, davamlı inkişafın və kollektiv təhlükəsizliyin əsas meyarı kimi dəyərləndirilir. Prezident İlham Əliyevin çıxışında diqqəti çəkən başlıca məqamlardan biri də ondan ibarət idi ki, Azərbaycan qalib tərəf kimi revanşizm dili ilə deyil, məsuliyyətli dövlət dili ilə danışır. Bu yanaşma postmünaqişə dövrünün ən mühüm siyasi özəlliyidir. Tarix göstərir ki, müharibədən sonra əldə edilən qələbənin əsl dəyəri düşməni zəiflətməkdə deyil, regionu sabitliyə və inkişaf mərhələsinə çıxarmaqdadır. Şuşadan səslənən mesajlar göstərdi ki, rəsmi Bakı təhlükəsizliyi artıq yalnız hərbi güc kateqoriyası kimi qiymətləndirmir. Yeni yanaşmada təhlükəsizlik iqtisadi bağlılıq, nəqliyyat dəhlizlərinin inkişafı, enerji əməkdaşlığı, rəqəmsal əlaqəlilik və etibarlı siyasi dialoq vasitəsilə möhkəmlənən kompleks sistem kimi xarakterizə olunur. Bu isə XXI əsrin təhlükəsizlik fəlsəfəsinin əsas istiqamətlərindən biridir.
Bir fakt da xüsusi diqqət çəkir ki, Şuşada səslənən fikirlər yalnız region ölkələrinə ünvanlanmayıb. Bu mesajların əsas auditoriyası daha əhatəlidir: beynəlxalq təşkilatlar, aparıcı güc mərkəzləri, qlobal media, analitik institutlar, investorlar, Türk dünyası və beynəlxalq ekspert icması. Bu baxımdan Şuşa Qlobal Media Forumu Azərbaycanın xarici siyasətinin mühüm kommunikasiya platformasına çevrilməkdədir. Burada verilən mesajlar yalnız cari hadisələrə münasibət bildirmək məqsədi daşımır, onlar yeni geosiyasi reallıqların necə qəbul edilməli olduğunu izah edir, həmçinin, Azərbaycanın regional baxışını sistemli şəkildə beynəlxalq ictimaiyyətə təqdim edir. Əslində, Şuşadan dünyaya verilən əsas mesaj bir cümlə ilə ifadə oluna bilər: Azərbaycan postmünaqişə dövrünü başa vurmuş dövlət deyil, o, postmünaqişə dövrünün yeni siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasını formalaşdıran aparıcı regional aktordur. Məhz buna görə Prezident İlham Əliyevin Şuşadakı çıxışı təkcə bir forumun proqram hissəsi kimi deyil, Azərbaycanın XXI əsrdə dövlətçilik fəlsəfəsini, regional liderlik iddiasını və strateji kommunikasiya modelini özündə birləşdirən siyasi manifest kimi əsaslandırılır.
Tarixdə elə məqamlar olur ki, onlar təkcə baş vermiş hadisələri deyil, gələcəyin siyasi istiqamətinin də konturlarını müəyyən edir. Şuşa Qlobal Media Forumu məhz belə hadisələrdəndir. Bu platforma artıq media nümayəndələrinin görüş yeri olmaqdan çıxaraq Azərbaycanın yeni geosiyasi baxışının formalaşdığı, beynəlxalq auditoriyaya təqdim edildiyi və qlobal siyasi diskursun bir hissəsinə çevrildiyi strateji məkana transformasiya olunur. Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, müasir dünyada dövlətlərin gücü yalnız iqtisadi göstəricilər, hərbi potensial və ya diplomatik əlaqələrin miqyası ilə müəyyən edilmir. Əsl üstünlük öz siyasi baxışını qlobal gündəliyin tərkib hissəsinə çevirə bilmək, o cümlədən, milli maraqları beynəlxalq legitimliklə uzlaşdırmaq və dəyişən dünya nizamında etibarlı tərəfdaş kimi qəbul olunmaq iqtidarındadır. Bu mənada “Şuşa dərsləri” yalnız bir çıxışın və ya forumun nəticəsi deyil. Bu anlayış Azərbaycanın müasir dövlətçilik fəlsəfəsini xarakterizə edən yeni siyasi məktəbin ümumiləşdirilmiş ifadəsinə çevrilir. Bu məktəbin əsas prinsipləri aydındır: qətiyyətli suverenlik, milli maraqlara söykənən müstəqil siyasət, beynəlxalq hüquqa hörmət, strateji kommunikasiyanın dövlət idarəçiliyinin ayrılmaz komponentinə çevrilməsi, quruculuğun siyasi legitimliyin əsas mənbəyi kimi təqdim edilməsi və regional əməkdaşlığın təhlükəsizliyin başlıca təminatlarından biri kimi qiymətləndirilməsidir. Ən əhəmiyyətli nəticələrdən biri də budur ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində hadisələrə reaksiya verən dövlət kimi deyil, onların məzmununa və istiqamətinə təsir göstərən beynəlxalq aktor qismində çıxış edir. Şuşa Qlobal Media Forumu isə həmin siyasətin intellektual və kommunikativ platforması rolunu oynayır. Müasir dövrdə dövlətlər təkcə sərhədlərini qorumaqla məhdudlaşmır, həm də öz həqiqətlərini qoruyurlar. İnformasiya məkanı artıq geosiyasi rəqabətin başlıca cəbhələrindən biridir. Bu reallıqda Şuşa Azərbaycanın informasiya diplomatiyasının yeni paytaxtına çevrilmək potensialını nümayiş etdirir. Burada formalaşan siyasi dialoq, təqdim olunan arqumentlər və qurulan beynəlxalq əlaqələr ölkənin yumşaq güc potensialını əsaslı şəkildə artırır. Əgər gələcəkdə Forum daimi ekspert şəbəkələri, analitik mərkəzlər, akademik proqramlar və siyasi tövsiyələri hazırlayan institusional mexanizmlərlə zənginləşdirilərsə, Şuşa yalnız beynəlxalq media forumlarının keçirildiyi şəhər deyil, Avrasiyanın aparıcı strateji düşüncə mərkəzlərindən birinə çevrilə bilər. Belə bir inkişaf modeli Azərbaycanın intellektual diplomatiyasını yeni mərhələyə yüksəldər və ölkənin qlobal nüfuzunu daha da gücləndirər.
Nəticə etibarilə, Şuşa sadəcə keçmişin xatirəsi deyil, gələcəyin siyasi baxışlarının formalaşdığı inkişaf məkanıdır. Burada tarix gələcəklə vəhdət təşkil edir, hərbi qələbə strateji baxışa çevrilir, milli iradə isə beynəlxalq dialoqun əhəmiyyətli amilinə transformasiya olunur. Prezident İlham Əliyevin Şuşadan dünya auditoriyasına verdiyi mesajların mahiyyəti də məhz budur: suverenlik qorunmalı, qələbə quruculuqla möhkəmləndirilməli, inkişaf strateji düşüncə ilə formalaşdırılmalı, dövlət isə öz növbəsində yalnız öz sərhədlərinin sahibi deyil, öz sözünün sahibi olmalıdır. Şuşa dərslərinin ən böyük nəticəsi də elə budur: XXI əsrin geosiyasi reallığında qalib gələn yalnız güclü dövlət deyil, öz həqiqətini dünyaya qəbul etdirə bilən, gələcəyin gündəliyini formalaşdıran və milli maraqlarını qlobal məsuliyyətlə uzlaşdıran dövlətdir. Azərbaycan isə bu yeni siyasi fəlsəfəni artıq təkcə bəyan etmir – onu addım-addım reallığa çevirir.
Ziyafət Həbibova,
siyasi elmlər doktoru, professor
Yəhya Babanlı,
tarix elmləri üzrə fəlsəfə doktoru, professor












































