Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Azərbaycan ABŞ üçün etibarlı tərəfdaşdır”



Newscenter.az.20.03.2021. "ABŞ-ın yeni prezidenti Co Baydenin təbrik məktubundan da aydın olur ki, ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaş kimi bundan sonra da Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir. Ümumiyyətlə, Ağ Ev Administrasiyası Azərbaycanı güclü, dinamik inkişaf edən, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən və yaranan problemlərin həllinə əməli dəstək verən ölkə kimi qiymətləndirir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. O bildirib ki, ABŞ həm də ATƏT-in Minsk Qrupunun həmsədri kimi Cənubi Qafqaz regionunda təhlükəsizliyin və dayanıqlı sülhün təmin olunmasında maraqlıdır:

"Ağ Evin bu mövqeyi ABŞ-ın yeni prezidenti Co Baydenin Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda da öz əksini tapıb. Regionda sülh və barışıq mühitinin məhz Azərbaycanın siyasi iradəsi sayəsində mümkün olması tərəfdaşların rəsmi Bakıya olan etimadını daha da artırıb".

Millət vəkili qeyd edib ki, Co Baydenin təbrik məktubunda ən vacib məqamlardan biri də ABŞ Administrasiyasının regional barışıq məsələlərinin həllində Azərbaycanla birgə çalışmaq niyyətini açıqlamasıdır:

"Bu mövqe bir daha göstərir ki, 44 günlük Vətən Müharibəsindən sonra bölgədə yaranan yeni reallıq bütün tərəflərin marağına cavab verir. Ümumiyyətlə, Azərbaycanla müxtəlif sahələri əhatə ədən əməkdaşlığın inkişaf etdirilməsi ABŞ-ın Cənubi Qafqaz-Xəzər dənizi regionunda siyasi prioritetləri sırasına daxildir. Rəsmi Vaşinqton güclü və inkişaf edən Azərbaycanı həm də regionda sabitliyin və sülhün, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm tərəfdaş kimi qəbul edir. Aydındır ki, Azərbaycan ərazilərinin uzun illər işğal altında qalması regionda təhlükəsizliyə ən böyük zərbə olub. Bu müddət ərzində münaqişəni “ölü nöqtə”dən tərpədə bilməyən Minsk Qrupunun həmsədri olan dövlətlər də yaranmış reallığı dayanıqlı sülhün təminatı kimi xarakterizə edir. Elə Co Baydenin məktubunda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan etməsi də bunu təsdiqləyir. Bu yanaşma yeni reallıqlar çərçivəsində Azərbaycanın 2020-ci il 10 noyabr bəyanatında əksini tapmış məsələlərin reallaşması və davamlı sülhün bərqərar olunması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğundur".

Ruhiyyə
Xəbəri paylaş