Newscenter.az.1.06.2021. İyunun 1-də Dövlət Gömrük Komitəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramının nümayəndəsi ilə görüş keçirilib.
Newscenter.az-a DGK-dan bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, Komitənin aidiyyəti strukturlarının əməkdaşları, Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın Qara dəniz regionu və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Naida Çamilova iştirak ediblər.
Dövət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində beynəlxalq və regional əməkdaşlıq məsələlərindən danışıb, Proqram çərçivəsində həyata keçirilən təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Əsgər Abdullayev Azərbaycan gömrüyünün qaçaqmalçılıq və narkotiklərlə mübarizə istiqamətində beynəlxalq əməkdaşlığa önəm verdiyini, bu sahədə səmərəli və işgüzar təşəbbüsləri hər zaman dəstəklədiyini diqqətə çatdırıb.
Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın Qara dəniz regionu və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Naida Çamilova Dövlət Gömrük Komitəsi ilə səmərəli və faydalı əməkdaşlıqdan bəhs edib, son illər Azərbaycan gömrükçülərinin narkotiklərlə mübarizə istiqamətində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Görüşdə, eyni zamanda Proqram çərçivəsində əməkdaşlıq, limanlardakı nəzarət məntəqələri ilə bağlı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sevinc