Quranda realizm və cahanşümulluğun vəhdəti
Tarix: 9-09-2021, 13:09
Newscenter.az.9.09.2021. Bu yaxınlarda Qurani-Kərimə subyektiv yanaşmanın məhsulu olmaqla yanaşı, həm də natamam biliyin doğurduğu məsuliyyətsiz nadanlığın diktə etdiyi bir yazıya rast gəldim. Yazının ümumi məzmunu bundan ibarətdir ki, Quran müəyyən zaman kəsiyində, müəyyən coğrafiyada meydana çıxan, həmin zaman kəsiyi və coğrafiyaya məlum biliklərlə məhdudlaşan, deməli, natamam təfəkkürün – məhdud koqnitiv zəkanın məhsuludur, nisbidir, ilahiliyi yoxdur. Müəllifin əsas arqumenti budur ki, Quranda məkan kimi Ərəbistan-Yəhudiyyə-Misir üçbucağından, bir az Efiopiyadan, xalqlar kimi yalnız sami olan ərəblər, yəhudilər və onlara yaxın olan başqa millətlərdən danışılır, meyvə və heyvan adları da həmin coğrafi üçbucaqla çərçivələnir: “orada Ərəbistanda bitən xurma var, Meksikada bitən kaktus yoxdur. Ya da Ərəbistandakı dəvə xatırlanır, ancaq Avstraliyadakı kenquru haqqında heç nə yoxdur”.
Daha sonra müəllif belə bir sual verir: Bu kitab əbədi və hər zaman üçün olsaydı, onda nə üçün məsələn milyonlarla il öncə dinozavrlar ya da neandertal insan haqqında bir xəbər yoxdur?
Nəhayət, müəllif öz subyektiv fikirlərini əsaslandırmaq üçün Quranın yaradılması ilə bağlı mötəzili nöqteyi-nəzərini sübut kimi göstərir.
Şübhə yox ki, bu yazı elmi-metodoloji cəhətdən natamamdır, problemin işlənməsi baxımından qənaətbəxş deyildir; müəllifin islama, islam fikrinə dair bilik bazası, üstəlik, stereotip yanaşma mövzuya münasibətdə yanlış və əsassız ittihamların meydana çıxmasına səbəb olmuşdur.
Əvvəla, onu deyək ki, iddiaçı Qurandakı universallığı (cahanşümulluğu) onun realist (məhəlli) xüsusiyyətindən fərqləndirə bilməmişdir. O nəzərə almamışdır ki, universallıq Quranın gətirdiyi əxlaqi, mənəvi prinsip və dəyərlərdə, monoteist etiqadda, insan ağlı və kimliyinə verdiyi əhəmiyyətdə və sairdədirsə, realistlik xitab etdiyi ilk sosiumu hərəkətə keçirmək üçün istifadə etdiyi üsullara dair ayrı-ayrı faktlarda, mövcud bilik limiti və etalonunu əmələ gətirən varlıq kateqoriyalarındadır.
Quran təqdim etdiyi yeni dünyagörüşünü subyektlərə aşılamaq üçün mövcud (ənənəvi) dünyagörüşünü formalaşdıran real mühiti, varlıq aləmini nəzərə alan ilahi kitabdır.
Quran ilk olaraq ərəblərə göndərilmişdir. Bu cəhətdən ərəb dilində, ərəb (həm də sami) cəmiyyəti və coğrafiyasının xüsusiyyətləri ön plana çıxarılmaqla nazil edilmişdir. Ümumi dəyər və prinsiplərdə vəhyin subyekti bütün insanlar, zaman və məkan baxımından isə ərəblərdir. Quranın eyni vaxtda bir neçə xalqa, coğrafiyaya göndərilməsi mümkün olmayan işdir, tarixdə belə hala rast gəlmək mümkün deyildir. Bu səbəbdən o, hər kəsdən əvvəl ərəblərə göndərilmişdir. Məhz ərəblər mənimsədikdən sonra vəhyin məhsulu sayılan bilikləri başqa xalqlara çatdıracaqdılar. Bu baxımdan Transsendent Zəkanın başlıca vəzifəsi, ilk olaraq, Birinci Halqanı – ərəbləri bu missiyanı daşımağa hazırlamaqdır. Odur ki ərəb təfəkkürünə uyğun real, doğma faktların mövcudluğu Quranın nisbiliyi, yaxud tarixən məhdudluğu mənasına gəlmir; əksinə, bu mövcud konyunkturanı nəzərə alan realist yanaşmadır, səmərəsiz cahanşümulluqdan, kosmopolitizmdən imtinadır. Mövcud sosial-mədəni və coğrafi şəraiti, koqnitiv təfəkkürü (bilik limiti və etalonunu) nəzərə alan realist yanaşma tərzi Quran metodologiyasının səciyyəvi cəhətini əmələ gətirir. Məqsəd ilk müraciət subyektini – ərəbləri başqalarına sonralar çatdırmalı olduqları biliklərin həqiqiliyinə qane etməkdir. Məhz bu səbəbdən Quran ərəb təfəkkürünə ona məlum faktlar və bilik limiti əsasında müraciət edir.
Mühüm olaraq qeyd edək ki, müəllif biliklərin meydana çıxması və şüurlu mənimsənilməsində varlıq aləminin metodoloji mənbə kimi seçilməsi məsələsini öz yazısında sərf-nəzər etmişdir. Ayələrin təhlili göstərir ki, Quran insanlara reallığa uyğun olaraq, onların bilik səviyyələrini nəzərə almaqla müraciət edir. Axı ərəb insanının bilik limitini, əşya və hadisələrə münasibət üsulunu onun yaşadığı mühit, əhatələndiyi varlıq kateqoriyaları müəyyən edirdi. Məsələn, əgər iddiaçının qeyd etdiyi kimi Quran xurmadan, səhralardan, dəvədən... deyil, məsələn: kaktusdan, kenqurudan, buzlaqlardan bəhs etsəydi, belə yanaşma ucuz və reallıqdan uzaq kosmopolitizm olar, ərəb təfəkkürü, ərəb dili (unutmayaq ki, dil mahiyyətin deyil, reallığın, təzahürün ifadəsi olaraq yaranmış, inkişaf etmişdir), ərəb mədəni-məişət şüuru üçün yad və əhəmiyyətsiz informasiya təqdim edərdi. Məhz real faktoloji informasiya hesabına ərəb təfəkkürü potensiya halından kinetik vəziyyətə daşınmalı, təqdim olunan yeni biliyə ərəb dünyagörüşünü formalaşdıran varlıq kateqoriyaları vasitəsilə şüurlu, qanan münasibət formalaşdırılmalı idi.
Deməli, təqdim olunan universal bilikləri mənimsəmək üçün ilk subyektlərin – ərəblərin düşüncə tərzində lazımi “hərəkətlənmə”ni təmin etmək, düşünən, qanan şüur formasını meydana çıxarmaq üçün reallığı nəzərə almaq Quranda müraciət olunan üsullardan biridir. Bu səbəbdən Quranda ərəblərin yaşadığı, münasibət qurduğu reallıq amilini nəzərə almamaq səhv olardı. Reallığın tərkib hissələrinə: a) şeylər; b) şəxslər; c) hadisələr; ç) ideyalar; d) sistemlər...) dair ayrı-ayrı faktlar reallığın özünə xas olmadıqda səmərəli deyildir. Məsələn, əgər Şekspir “Romeo və Cülyetta” əsərində “Romeo”, “Tibalt”, “Kapuletti” deyil, “Səməndər”, “Cəmrəkan”, “Məzahir” kimi o dövrün ingilis və Qərb cəmiyyətinə yad adlardan istifadə etsəydi, nə baş verərdi? Gerçəklikdən qopuq, doğmalığı və xəlqiliyi olmayan əsər meydana çıxardı. Amma əsərdə bu və ya digər cəmiyyətə xas adların, predmetlərin obraz kimi seçilməsi ondakı ideyaların ümumbəşəriliyinə əngəl deyildir. Eyni sözləri istənilən əsər üçün demək mümkündür. Adlar, hadisələrin cərəyan etdiyi mühit və dövr, dil... baxımından “Səfillər” fransız təfəkkürünə məxsusdur, amma işləndiyi mövzu, ideya və dəyərlər baxımından cahanşümuldur, ümumbəşəridir. Hüqo realizmi “Səfillər”dəki ideya universalizminə əngəl deyildir. Bu baxımdan “xurma”, “dəvə”, “yəhudilər” kimi sami ictimai-mədəni mühitinin elementlərini əks etdirən məkan və zaman reallığı Qurandakı ideya və dəyər universalizmi ilə ziddiyyət əmələ gətirmir.
Son olaraq, yazı müəllifinin öz subyektiv iddiasını əsaslandırmaq üçün Quranın yaradılması ilə bağlı mötəzili nöqteyi-nəzərini sübut göstərməsinə gəlincə, həmin nöqteyi-nəzər Quranın insan tərəfindən təsis edilməsi ilə deyil, Allaha aid edilən “Kəlam” atributunun ilahi substansiya, yoxsa aksidensiya olub-olmağı ilə əlaqəli polemikalar zəminində meydana çıxmışdır.
Elvusal Məmmədov
AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, Fəlsəfə üzrə fəlsəfə doktoru












































