Konstitusiyamız dövlətin vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir
Tarix: 11-11-2021, 11:33
Newscenter.az.11.11.2021. Bu günlərdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Hüquqşünas Əli İbrahimov həmin dövrdə cərəyan edən proseslərə diqqət çəkərək bildirir ki, dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Onun sözlərinə görə, müasir dövrümüzdə Azərbaycan Respublikasının konstitusion dövlət kimi təşəkkül tapması, ölkədə ictimai-siyasi proseslərlə müşayiət olunan tarixi şərait bu müstəvidə fəaliyyət göstərən görkəmli siyasi liderlərin dinamik mübarizə xətti ilə bağlıdır: «Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının əksəriyyətinin maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır. Konstitusiyaların keyfiyyətləri onun yüksək hüquqi qüvvəyə malik olması və hüquq sisteminin fundamental mənbəyi kimi çıxış etməsidir. Əvvəla, konstitusiya normaları digər normalara münasibətdə prioritet mövqedən çıxış edir. İkincisi, qanunlar və digər qanun qüvvəli aktlar konstitusiyada müəyyən edilən qayda və prosedura uyğun qəbul edilməlidir. Məlum olduğu kimi, konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını, şəxsiyyətin hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ-hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır».
Əli İbrahimov deyib ki, Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır: «Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir».
Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır: «Dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair. Əsas Qanunda konseptual baxımdan yeni ideyalardan biri ictimai münasibətlər sistemində dövlətin rolu ilə bağlıdır. Belə ki, ölkəmizin uzun illər daxil olduğu sovet siyasi sistemində dövlətin cəmiyyət həyatındakı rolu fövqəladə xarakter daşıyır, dövlət maraqları ilə şəxsiyyətin maraqları arasında yaranan münasibətlərdə üstünlük birmənalı olaraq birinciyə verilirdi. Bu isə, sözsüz ki, liberal demokratiya üçün öncül amillərdən olan şəxsi hüquq və azadlıqların müdafiəsinin arxa plana keçməsi ilə nəticələnirdi. Bu baxımdan Konstitusiyamızda dövlətin ali məqsədinin məhz insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyamız dövlətin məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir. Azərbaycan Respublikası Konstitusiyasının ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, o, müasir dövlət quruculuğu üçün tələb olunan, demək olar ki, bütün prinsipial məqamları özündə əks etdirir. Bu isə Konstitusiya müddəaları əsasında müxtəlif səviyyədə zəruri islahatların həyata keçirilməsinə rəvac vermişdir. Konstitusiyanın qəbul edilməsindən sonra ölkəmizdə irimiqyaslı dəyişikliklər baş verib. Birbaşa xalq tərəfindən seçilən qanunverici orqan formalaşıb və ötən dövr ərzində Konstitusiya əsasında cəmiyyət və dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ-hüquqi akt qəbul edilib. Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən və dövlətçiliyin varisliyini təmin edən, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı olan Prezident institutu formalaşıb. Dövlət hakimiyyəti orqanlarının səmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu - bələdiyyə orqanları yaradılıb və fəaliyyətə başlayıb. Ümummilli lider Heydər Əliyev həmin dövrdə qəbul edilmiş qanunların əhəmiyyətini qeyd edərkən belə söyləmişdir: "Bu qanunlar Azərbaycanda müstəqil dövlətin inkişafı, iqtisadi islahatların aparılması üçün, qanunun aliliyini təmin etmək, hüquqi dövlət yaratmaq üçün çox əhəmiyyətli olmuşdur".
Əli İbrahimov bildirib ki, bu gün Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir: «Bu istiqamətdə yürüdülən siyasət Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir».
NEWSCENTER.AZ












































