Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şərəfli ömür yolu



Newscenter.az.22.12.2021. Sorğu keçirilsə ki, hansı nailiyyət müstəqil Azərbaycan tarixinin ən möhtəşəm uğuru hesab oluna bilər, heç şübhəsiz, birmənalı cavab torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə bağlı olar. Tarixi dəqiqləşdirmə aparsaq onu da görərik ki, bu nəhəng Qələbə təkcə müstəqillik dövrümüzün deyil, son iki əsri də aşan zaman kəsiyində ən böyük Zəfərimizdir. Çünki bu Qələbə milli ləyaqət, milli qürur hissimizi xilas edərək onun həqiqi ucalığını təmin etdi. Bütün dünyaya sübut olundu ki, xalqımızın Vətən uğrunda hər cür fədakarlığa hazır olması ilə bağlı himnimizdə yer alan misralar Azərbaycan üçün şüar deyil! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Qələbəmiz həm də ona görə əzəmətlidir ki, tarix boyu xalqımızı ona həsrət qoymaq üçün ölkəmizə qarşı çox fitnə-fəsadlar törədilib. Son iki əsrdə daxili didişmələrin, parçalanmaların, bütövləşə bilməməyimizin əsas səbəblərindən biri də elə bu cür fitnə-fəsadlar olub. Təəssüf ki, daxilimizdəki bəzi zümrələr xaricdən qaynaqlanan məkrli oyunlarda zaman-zaman istifadə edilib. Nə qədər acı olsa da, müasir dövrümüzdə də belələri yox deyil, indi onlara “beşinci kolon” deyilir. 44 günlük Vətən müharibəsi günlərində, hətta müharibədən ötən bu müddət ərzində bir daha əmin olduq ki, haqq savaşımıza, haqq etdiyimiz Qələbəyə mane olmaq istəyən, demokratiya və beynəlxalq-hüquq pərdəsi altında ölkəmizə təzyiq göstərən qüvvələr indinin özündə də var. Tarix dəyişsə də, uydurma fobiyalar səbəbindən bəzilərinin ənənəvi yanaşması hələ də dəyişməyib. Dəyişən odur ki, indi daha incə üsullardan istifadə edilir, təzyiq və maneə cəhdlərinə sivil görüntü verərək onları ustalıqla pərdələməyə çalışırlar. Bəzən aşkar təhdidlərlə də üzləşirik. Məsələn, müharibə günlərində Avropanın böyük ölkələrindən biri bəyan etdi ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Beynəlxalq-hüquqa zidd olan bu cür absurd bəyanatları və onların arxasında gizlənən anti-Azərbaycan mahiyyətli əməlləri ona görə yada salmaq lazımdır ki, tarixi torpaqlarımızı işğaldan azad etmək üçün hansı çətinliklərdən keçdiyimizi, hansı ciddi maneələri dəf etməli olduğumuzu heç vaxt unutmayaq. Az qala 30 il ərzində vasitəçilərin Ermənistanın imitasiya oyunlarına göz yumduğunu, 27 il boyu BMT Təhlükəsizlik Şurasının ölkəmizin lehinə olan məcburi xarakterli məlum dörd qətnaməsinin icra edilmədiyini necə unutmaq olar?! Prezident İlham Əliyev elə bu günlərdə, Brüsseldə İtaliyanın “İL Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə üzləşdiyimiz siyasi riyakarlığı, ölkəmizə qarşı tətbiq olunan ikili standartlar siyasətini dünya birliyinin diqqətinə bir daha çatdırdı: “ Əgər Minsk qrupunun həmsədrləri-dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz? ”

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev ifadə edib.

Deputat deyib: “Keçdiyimiz yol göstərir ki, yalnız bəzi tarixi şərtlər təmin edildikdə bu cür oyunların, riyakarlığın qarşısını almaq mümkün olur. Onlardan biri məhz xalqın inanıb-güvəndiyi liderini seçki yolu ilə hakimiyyətə gətirməsi, hakimiyyətin mənbəyinə çevrilməsidir. İkincisi isə kritik tarixi məqamlarda cəmiyyətin öz liderinin siyasi qərarlarına birmənalı dəstək verməsi, onun ətrafında nümayişkaranə şəkildə birləşməsidir. O şəkildə ki, bu möhtəşəm birliyi bütün bədxahlar görə bilsin və bununla hesablaşmağa məcbur olsun. Müasir Azərbaycan tarixinin ən kritik iki dövründə bu fenomenin şahidi və iştirakçısı olmuşuq. Müstəqilliyimizin ilk illərində rayonlarımız bir-birinin ardınca işğala məruz qalanda, Azərbaycan cəmiyyəti qanunlarla deyil, qanunsuz silahı dəstələrin diktəsi ilə hesablaşmağa məhkum ediləndə, ölkəmiz parçalanmaq və real vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi günlərdə, xalqımız yeganə çıxış yolunu ümummilli lider Heydər Əliyevi hakimiyyətə çağırmaqda gördü. Azərbaycan xalqı bu istək və tələbində o dərəcədə qətiyyətli idi ki, ozamankı AXC-Müsavat hakimiyyəti onun yekdil iradəsi ilə hesablaşmağa məcbur oldu. Sözün bütün mənalarında həqiqi xalq-iqtidar birliyi imkan verdi ki, Ulu Öndər əsl dövlət xadimi və böyük siyasət adamı kimi təcrübəsini dövlət müstəqilliyimizin və xalqımızın xilasına sərf edə bilsin. Həmin dövrdə bəzi xarici dairələrin təzyiq və təhdidlərinə, daxildə baş verən dövlət çevrilişi cəhdlərinə, Ulu Öndərin həyatına sui-qəsd planlarına baxmayaraq, ümummilli lider Heydər Əliyev həm bu cür təhlükələrin qarşısını aldı, həm də siyasi iradə nümayiş etdirərək 1994-cü ilin sentyabrında XX əsrin neft kontraktının imzalanmasına nail oldu. Bu tarixi müqavilə ölkəmizin iqtisadi dayanıqlığının və tərəqqisinin təməlini qoydu, eyni zamanda, Azərbaycanın əhəmiyyətli iqtisadi və siyasi tərəfdaş statusunun formalaşmasına xidmət etdi. Həmin beynəlxalq statuslu müqavilənin sayəsində əldə olunan iqtisadi potensial şərait yaratdı ki, güclü ordu quruculuğuna başlanılsın və onun hərbi-texniki təchizatı ən yüksək səviyyədə təmin olunsun. Bugünkü müzəffər ordumuzun təməli məhz elə həmin dövrdə Ulu Öndərimiz tərəfindən qoyuldu. Gərgin iş rejimi, çoxsaylı dövlət çevrilişi və sui-qəsd cəhdləri Ulu Öndərin səhhətinə təsirsiz ötüşmədi və o, 2003-cü il oktyabrın 1-də yenə də Azərbaycanı, onun bu gününü və gələcəyini düşünərək xalqımıza bu müraciəti etdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ü.Quliyev bildirib ki, Azərbaycan xalqı öz Xilaskarının çağırışına birmənalı dəstəyini ifadə etdi və 2003-cü ilin oktyabrında keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu cənab İlham Əliyevə səs verdi. Son 18 il sübut etdi ki, Ulu Öndərimiz təqdimatında, Azərbaycan xalqı isə seçimində zərrə qədər yanılmayıb. Xalqımız bu illər ərzində ona da əmin oldu ki, ümummilli maraqlarımızın keşiyində dayanan Heydər Əliyev siyasi irsi əmin əllərdədir. Prezident İlham Əliyev bu irsə təkcə genetik kodlarla deyil, həm də ruhən bağlı olduğunu fəaliyyəti ilə təsdiq etdir. Çünki Prezidentin genetik kod bağlılığının, ən ali statusda fəaliyyətinin təməlində Vətən sevgisi, Azərbaycanın maraqlarına pafosdan uzaq olan əməli xidməti dayanır. Dövlətimizin başçısı İlham Əliyev prezident seçildikdən cəmi üç il sonra - 2006-cı ilin iyulunda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılışına imza atdı. Bu, bütün maneələrə və təzyiqlərə baxmayaraq, Ulu Öndərin 1994-cü ilin sentyabrında təməlini qoyduğu böyük neft strategiyasının qətiyyətlə davam etdiriləcəyinin əyani təsdiqi demək idi. 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında Xəzərdən Avropa ölkələrinə birbaşa qaz nəql edən marşrutların yaradılması təşəbbüsünü dəstəkləyən birgə Bəyanat imzalandı. Bununla da TANAP VƏ TAP layihələri həyata vəsiqə qazandı. 2014-cü ildə, məhz sentyabr ayının 20-də Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci ilin mayında Bakıda, iyun ayında isə Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin açılışı keçirildi. Nəhayət, 2019-cu il noyabrın 30-da TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsi də istifadəyə verildi və 2020-ci il dekabrın 31-də Azərbaycan təbii qazının Avropa bazarına tədarükünə başlanıldı. Beləliklə, ümumi investisiya qoyuluşu 40 milyard ABŞ dolları həcmində olan, hər ötən gün Avropanın enerji təhlükəsizliyində daha çox strateji əhəmiyyət daşıyan bu nəhəng layihə artıq gerçəklikdir. Nə qədər təzadlı olsa da, xaricdəki bəzi dairələrin siyasi riyakarlığı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən də yan ötmədi. Bu layihə də ciddi maneələrlə üzləşdi, hətta əsas maliyyə institutları iqtisadi rentabelliyinə baxmayaraq, təzyiq səbəbindən ona maliyyə vəsaiti ayırmaqdan çəkindilər. Heydər Əliyev siyasi irsinin qayəsində dayanan prinsipial məqamlardan biri qətiyyətdir. Prezident İlham Əliyevin məhz bu prinsipə sadiqliyi, qətiyyətli mövqeyi nəticəsində Azərbaycan bu nəhəng layihənin maliyyə yükünün əsas hissəsini öz üzərinə götürdü. Geoiqtisadi və geosiyasi əhəmiyyətli həmin layihə də artıq reallığa çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi isə ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində strateji əhəmiyyətini təsbit etdi. Şübhəsiz ki, bütün bu iqtisadi təşəbbüslər imkan verdi ki, Milli Ordu quruculuğu indiki, ən yüksək səviyyəyə qaldırılsın və ordumuz ən müasir silahlarla təchiz olunsun. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihələrin hər biri sonda yalnız bir hədəfə-ölkəmizin güclənməsinə və torpaqlarımızın işğaldan azad olunmasına xidmət edirdi.

Nəhəng iqtisadi layihələr ölkəmiz üçün həm də əlverişli siyasi konfiqurasiyanın qurulmasına şərait yaratdı. Azərbaycan 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, 2016-cı ildə isə 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının liderliyinə yüksəldi. BMT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq təsisatlarla etibarlı münasibətlər quruldu. Son üç ildə ölkəmiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdi. Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası nəticəsində Azərbaycan qardaş və dost ölkələrin ən yüksək etimadını qazandı. Bir əsrlik fasilədən sonra, 2021-ci il iyunun 15-də Qars müqaviləsinin tarixi davamı olan Şuşa Bəyannaməsi imzalandı, qardaş Türkiyə ilə əlaqələrimiz strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Məhz Şuşa Bəyannaməsi türk dünyasının genişlənərək daha sıx birləşməsinə, Türk Dövlətləri Təşkilatının təsis olunmasına zəmin yaratdı. Azərbaycan Prezidentinin uğurlu xarici siyasət kursu nəticəsində Vətən müharibəsinin ən qızğın günlərində BMT-də Azərbaycan əleyhinə qərar qəbul olunması təşəbbüsü də iflasa uğradı. Prezident İlham Əliyev Qarabağın işğaldan azad edilməsinə və türk birliyinin daha da güclənməsi işinə göstərdiyi xidmətlərə görə 2021-ci il noyabrın 12-də Türk Dünyasının Ali Ordeninə layiq görüldü.

Dövlətimizin başçısı 2018-ci ilin Prezident seçkilərindən sonra bəyan etdi ki, ölkəmiz institusional islahatlar mərhələsinə qədəm qoyur. Son üç ildə əksər sahələrdə olduğu kimi, ölkəmizin ictimai-siyasi həyatında da ciddi addımlar atıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtidar-müxalifət münasibətlərində açıq və etibarlı dialoqun təməli qoyuldu. Prezidentin təşəbbüsü bir hədəfə-cəmiyyətimizdə ictimai konsensusa və ümumxalq birliyinin daha da möhkəmlənməsinə xidmət edir. Bu möhtəşəm birliyin mərkəzində dayanan Prezident İlham Əliyev xalqımızın iradəsini əks etdirdiyinə, ümumxalq dəstəyinə, tarixi ədalətə və beynəlxalq hüquqa söykəndiyinə görə, müharibə günlərində düşmənə göstərdiyi o “Dəmir yumruğ”u indi əvvəlkindən də güclüdür. Bu yumruğun altında bir daha əzilməmək üçün düşmən və havadarları, onların əlaltıları bilməlidirlər ki, Prezident İlham Əliyev artıq qalib Xalqın qalib Prezidentidir, Azərbaycan xalqının bütün dövrlər üçün qalibiyyət rəmzidir.

Böyük dövlət adamı Uinston Çörçillin müdrik bir kəlamı var: “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. Prezident İlham Əliyev tarixi Zəfərə Müzəffər Ali Baş Komandan imzasını atmaqla həm də böyük dövlət xadimi kimi adını Azərbaycan tarixinə həkk etdirib. Bu cür taleyüklü Qələbə və xidmətlər tarixdə və xalqın yaddaşında əbədi yaşayır, onlara imza atan şəxsiyyətlər isə gələcək nəsillərin də qürur mənbəyinə, istinad zirvəsinə çevrilir. Bundan şərəfli, bundan qürurverici ömür yolu ola bilməz!

Ülvi Quliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş