Newscenter.az.14.01.2022. Prezident İlham Əliyev 12 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın yüksək iqtisadi göstəriciləri, valyuta ehtiyatlarımız, manatın sabitliyi, ölkəmizdə icra edilən sosial layihələr, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət, şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması, qazilərimizin ən müasir protezlərlə təmin olunması, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər və digər mühüm məsələlər barədə danışdı, cəmiyyəti düşündürən bir sıra məsələlərə aydınlıq gətirdi.
Azərbaycanın yüksək iqtisadi inkişaf göstəricilərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə iqtisadi artım 5 faizdən çoxdur. Bu, həm özlüyündə, həm də xüsusilə müharibədən çıxmış ölkə üçün çöx gözəl göstəricidir. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz, ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdəndir və real iqtisadi və sənaye artımı məhz bu rəqəmlərdə özünü göstərir.
Ötən il böyük xərclərə baxmayaraq, ölkəmizin valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Xüsusilə nəzərə alınmalıdır ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilib. Bu amil bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil.
Qeyri-neft ixracımız da 40 faizdən çox artıb. Bu amil Azərbaycana valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etməyə şərait yaradır. Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir.
Cari ilin büdcəsi tariximizdə ən böyük büdcə olacaq və beləliklə büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Hazırda Azərbaycanda müharibədən təzə çıxmış ölkə üçün çox gözəl iqtisadi mənzərə vardır. Bu il həm azad olunmuş torpaqlarımızda investisiya layihələri icra ediləcək, həm də ölkəmizdə digər islahatlar davam etdiriləcək.
Ölkəmizdə sosial sahə daim diqqət mərkəzindədir. Proqnozdan əlavə yığılmış 1,4 milyard manat hesabına dərhal 1,5 milyard manatlıq sosial paket təmin edildi. Əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirilib və bu, bir daha sosial sahəyə nə qədər böyük önəm verildiyinin göstəricisidir.
Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bunlar 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin.
Azad edilmiş torpaqlarımızda vaxt itirmədən əkin işlərinə başlanılıb. Bu məqsədlər üçün böyük vəsait səfərbər olunub. Artıq orada əkin işləri başlanıb. Dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür.
Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara diqqət və qayğı yüksək səviyyədədir. Bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. 7400 minik avtomobili verilib. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə 850 mənzil verilib. İkinci Qarabağ müharibəsinin qazilərinə və şəhid ailələrinə 750 mənzil verilib və bu proses davam etdirilir.
Şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması tədbirlərindən biri kimi, bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib və artıq bu prosesə başlanıb.
Prezident İlham Əliyev müsahibədə onu da bildirib ki, hərbi quruculuq işləri mütləq davam etdirilməlidir. İlk növbədə, ona görə ki, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var.
Müharibə dövründə çoxlu sayda döyüş sursatından istifadə olunub, indi onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Müxtəlif xarakterli müasir silah sistemləri alınır.
Azərbaycanda Komando qüvvələrinin yaradılması böyük hadisədir və hərbi qüdrətimizin təzahürüdür. Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir.
Azərbaycan gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə sülhə hazırdır. Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Müharibənin başa çatmasından bir il keçəndən sonra beynəlxalq birliyin reaksiyası ümumən qənaətbəxşdir. Müharibə qurtarandan dərhal sonra müharibənin nəticələrinin bütün beynəlxalq birlik tərəfindən qəbul edilməsi üçün müvafiq işlər görülmüşdür. Azərbaycan öz konstitusion hüquqları çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır. Artıq bu proses uğurla gedir və beynəlxalq birlik Azərbaycanın yaratdığı bu reallığı qəbul etməkdədir.
Jalə Əhmədova-Milli Məclisin deputatı