Newscenter.az.9.02.2022. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslərə əmək bazarının tələblərinə uyğun peşələrin tədrisini və müxtəlif idarə və təşkilatlarla əməkdaşlıq çərçivəsində həmin şəxslərin iş ilə təmin edilmələrinə dəstək tədbirlərini davam etdirir.
Newscenter.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, Peşə öyrən, işsiz qalma” devizi ilə işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə “beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə təlim kursu keçiriləcək.
Kursa müraciət edən şəxslər ilk olaraq peşə bacarıqlarının müəyyən olunması məqsədilə müsahibəyə cəlb olunacaq, daha sonra isə uyğun namizədlərin kurs üçün qeydiyyatı aparılacaq. Peşə hazırlığı kursunu uğurla bitirən müdavimlərə beynəlxalq daşımalar üzrə müvafiq sertifikat təqdim ediləcək və onların iş ilə təmin olunmasına dəstək göstəriləcək.
Peşə hazırlığı kursunun təşkili zamanı Vətən müharibəsi iştirakçıları və şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər.
“Beynəlxalq daşımalar üzrə sürücü” peşəsi üzrə hazırlıq kursunda iştirak etmək istəyən və “E” kateqoriyalı sürücülük vəsiqəsi olan işsiz şəxslər Bakı şəhəri üzrə “DOST” Mərkəzlərinə, bölgələr üzrə Ərazi Məşğulluq filiallarına yaxınlaşmaqla və ya https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi müraciət linkini doldurmaqla (Yük daşıma mütəxəssisi peşəsini seçərək) qeydiyyatdan keçə bilərlər
Sevinc