Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhkum olunmuş şəxslər həbsxanada ola-ola evlənə bilərmi?



Newscenter.az.9.02.2022. Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrası zamanı məhkumlarla, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınması aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla, ümumi qaydada həyata keçirilir:

- məhkumlarla və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikah cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanalarının olduğu yer üzrə Qeydiyyat şöbəsi tərəfindən qeydə alınır;
- nikah bağlamağı məhkum arzu edirsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti onu müəyyən olunmuş forma üzrə nikah haqqında ərizə blankı ilə təmin edir. Məhkum ərizənin özünə aid hissəsini doldurduqdan sonra cəzaçəkmə müəssisəsinin müdiriyyəti ərizədə göstərilən məlumatları məhkumun şəxsi işindəki sənədlərlə tutuşdurur, onun imzasını və ərizədə göstərilən məlumatların doğruluğunu (cəzaçəkmə müəssisəsi rəisinin imzası və möhürlə) təsdiq edir;

Məhkumun şəxsi işində onun ailə vəziyyəti haqqında məlumat olmadıqda, natamam və ya ziddiyyətli olduqda cəza müəssisəsi müvafiq orqanlar və təşkilatlar vasitəsilə həmin məlumatların alınması və ya dəqiqləşdirilməsi üçün tədbirlər görür. Bundan sonra cəzaçəkmə müəssisəsinin müdiriyyəti ərizəni məhkumun nikaha daxil olmağı arzu etdiyi şəxsə göndərir. Belə ərizəni alan şəxs nikah bağlamağa razı olduqda, özünə aid hissəsini doldurur və Qeydiyyat şöbəsinə şəxsən təqdim edir.

Qeydiyyat şöbəsi nikah haqqında birgə ərizəni qəbul edərək nikahın qeydiyyatı gününü və vaxtını cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə razılaşdırmaqla müəyyən edir, bu barədə nigah bağlayan şəxslərə, o cümlədən məhkuma cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə qabaqcadan məlumat verir. Məhkumla nikahın qeydiyyatı nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin Qeydiyyat şöbəsi ilə razılaşdırmaqla müəyyən etdiyi yerdə (binada, otaqda) həyata keçirilir.

Barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınması eyni qaydada həyata keçirilir. Nikahın qeydiyyat tarixi isə cinaytə işi icraatında olan orqanla da razılaşdırılır.

Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrası zamanı məhkumlarla, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınmasını digər tərəf arzu etdikdə, nikahın qeydə alınması yuxarıda göstərilən hallar nəzərə alınmaqla, ümumi qaydada həyata keçirilir.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş