Newscenter.az.9.02.2022. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, İsmayıllı rayonunda suvarma mövsümünə hazırlıq işləri sürətlə davam edir. Bu məqsədlə İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il olduğu kimi bu il də meliorativ tədbirlər gücləndirilib. Belə ki, idarənin balansında olan torpaq məcralı kanallar texnikalar vasitəsi ilə lildən təmizlənir, suvarma suyunun maneəsiz axını təmin edilir. Ötən il balansda olan Aşıqbayramlı su anbarı əsaslı təmir olunaraq yenidən istifadəyə verilib. Bundan başqa 34 ədəd subartezian quyusu cari təmir, Talıstan kəndində isə 1 ədəd subartezian quyusu əsaslı təmir olunub. 38 ədəd hidrotexniki qurğu, 11 ədəd hidrometrik postlar və 2 kilometr kanal cari təmir olunub.
Böyük Qafqaz Sıra Dağları ilə əhatələnən İsmayıllı rayonu ərazisindən 5 ədəd gursulu çay keçir. Çaylar yaz və payız aylarında daşqın və sel zamanı əkin sahələrinə və yaşayış məntəqələrinə ziyan vurur. Ancaq əvvəlcədən görülən qabaqlayıcı tədbirlər nəticəsində sel sularının qarşısı alınır. Belə ki, çayların məcraları buldozerlər vasitəsilə təmizlənir, çay sahillərinə daş-beton bəndlər vurulur. Bu işlər rayon ərazisindən axan Talıstançayda, Girdimançayda, Cülyançayda, Göyçayçayda və Axoxçayda da davam edir.
Qeyd edək ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi rayonda 8833 hektar suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması Aşıqbayramlı su anbarı, Yuxarı Şirvan kanalı, Göyçay çay, Axox çay, Cülyan çay, Talıstan çay, Əyriçay və Girdiman çay vasitəsilə həyata keçirilir.
Mehman