Newscenter.az.9.02.2022. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov şəhər ictimaiyyətinə təqdim olunub.
Bu münasibətlə keçirilən mərasimdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Newscenter.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin son dərəcə müdrik, düşünülmüş, uzaqgörən siyasəti nəticəsində ölkəmiz uğurlara, nailiyyətlərə imza atmasından danışıb. Ölkə Başçısının şəhərimizə, dahi Nizami yurduna son səfərinə xüsusi ilə diqqət çəkən Niyazi Bayramov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası vətəndaşların sosial rifahına, indiki və gələcək həyatının firavanlığına hesablanıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyini, hakim partiyanın bu gün misilsiz nailiyyətləri olan alternativsiz siyasi partiyaya çevrildiyini qeyd edib.
Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində, ictimai-siyasi proseslərin uğurlu inkişafında mühüm rolu olan partiyanın Gəncə şəhər təşkilatının yeni sədri Ramil Orucovu şəhər ictimaiyyətinə təqdim edən Niyazi Bayramov onun siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, məsul işində ona uğurlar arzu edib.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkilləri Pərvin Kərimzadə, Naqif Həmzəyev, Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA- nın müxbir üzvü, professor İbrahim Cəfərov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və başqaları çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan partiyanın müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynamasından, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olmasından danışıblar. Natiqlər YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucova məsuliyyətli işində, siyasi fəaliyyətində uğurlar arzu ediblər.
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov çıxış edərək, ona göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğruldacağını vurğulayıb. Ramil Orucov Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq keçdiyi çox böyük və şərəfli yolun Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib: Yeni Azərbaycan Partiyasının zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır. Hər zaman öz liderinin, Müzəffər Ali Baş Komandanının, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşən Gəncə sakinləri bundan sonra da dövlətçiliyə layiqincə xidmət göstərəcək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə var qüvvələrini əsirgəməyəcəklər.
Mehman