Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazın sərfiyyatına görə ödənişlər əhali sektoru üzrə 95 % təşkil edib



Newscenter.az.11.02.2022. “Bu ilin yanvar ayında “Azəriqaz” İstehsalat Birliyi 1 milyard 183 milyon kubmetr qaz qəbul edib. Bu da 2021-ci ilin yanvar ayı ilə müqayisədə 102 milyon kubmetrdən artıqdır”.

Newscenter.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media nümayənləri ilə keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı bildirib. Onun sözlərinə görə qəbul edilən təbii qazın əhali xətləri üzrə ötürülməsi 29 milyon kubmetr artıq olub. Görüş zamanı Birlik rəhbəri 2022-ci ilin yanvar ayının yekunlarına dair hesabatı Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin diqqətinə çatdırıb.

O, həmçinin qeyd edib ki, qaz itkiləri ötən il yanvar ayında 8,8 % təşkil edirdisə, bu ilin yanvar ayında bu göstərici 6,3 %-ə enib. Yəni itkilər 2,5 faiz azalıb. Baş direktor yığım səviyyəsi ilə bağlı da məlumatı təqdim edib. Onun sözlərinə görə cari ilin yanvar ayında yığım səviyyəsi 91 % olub. “Qazın sərfiyyatına görə ödənişlər əhali sektoru üzrə 95 %, qeyri-əhali üzrə 87 % təşkil edib”, – deyə Ruslan Əliyev qeyd edib. Yeni abonentlərin sayına gəldikdə isə bildirib ki, 5 903 yeni abonent qeydə alınıb:

“Yeni abonentlərin 5 639 nəfəri əhali, 262-si isə qeyri-əhali qrupu üzrə olub”. Limit məsələsinə toxunan baş direktor ötən ay abonentlərin 98 %-nin 1 200 kubmetrlik limit həcmini keçmədiyini bildirib.

Onun sözlərinə görə ötən ay qaz istifadəsi ilə bağlı limiti keçən abonentlərin sayı 50 628 abonent olub ki, bu da “Azəriqaz” İB-nin ümumi abonentlərinin sayının 2,1 %-ni təşkil edib. Həmçinin ötən ay ölkə üzrə 32 kənddə qazpaylayıcı xətlərin çəkilməsinə başlanıldığı da qeyd edilib. Məlumat üçün bildirilib ki, çəkilən qaz xətlərinin ümumi uzunluğu 13,7 kilometr təşkil edib ki, bunun da 1 kilometri Bakı şəhərində həyata keçirilib. Digər 12,7 kilometr qaz xətləri regionlarda çəkilib. Bundan əlavə Ruslan Əliyev görüş zamanı media nümayəndələrinin suallarına aydınlıq gətirib. Keçirilən aksiya canlı yayımlandığından sosial şəbəkələr üzərindən daxil olan suallar da Birlik rəhbəri tərəfindən cavablandırılıb. Baş direktor onu da qeyd edib ki, bundan sonra hər ayın əvvəli ötən ayın yekunlarına dair bütün statistik məlumatlar mətbuat və QHT nümayəndələrinin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, qaz təchizatı ilə bağlı yaranan suallara aydınlıq gətirmək istəyən bütün media və QHT nümayəndələri hər həftənin cümə günü Birliyin əsas binasında keçirilən “Açıq qapı” aksiyasına dəvətlidir.

Sevinc
Xəbəri paylaş