Newscenter.az.13.02.2022. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan əsgər Fərid Məhərrəmovun xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Bu barədə Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən, bu Qələbənin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından və şəhid əsgərin həyatından danışıblar. Vurğulanıb ki, xalqımızın birliyi, həmrəyliyi, rəşadətli Ordumuzun əsgər və zabitlərinin igidliyi, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu sayəsində müqəddəs Vətən torpaqlarımız düşmən tapdağından azad olunub.
Sonra şəhidin xatirəsinə hərs edilən videoçarx təqdim edilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə əsgər Məhərrəmov Fərid Asif oğlu ölümündən sonra müxtəlif medallar ilə təltif edilib.
Şəhidin yaxınları da onun haqqında xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Dövlətimizin Başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa ediblər.