Newscenter.az.13.02.2022. "Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək üçün büdcədən ayrılan vəsaiti görməmişcəsinə talayıb mənimsəmək, düşmən gülləsinin, qarın-yağışın altında, palçıq və buz donmuş səngərlərdə kiprikləri qırov bağlamış halda Vətənin keşiyini çəkən əsgər və zabitlərimizin pulunu yemək əclaflığın və alçaqlığın ən son həddi, xəyanət yolunda addımlamağın əyani sübutudur".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şükürlü səsləndirib. O bildirib ki, bu ölkədə ən yüksək məvacibə və pensiya təminatına malik olmaq haqqına sahib hərbçilərimizin cibinə girən "poqonlu oğrular" və onların mülki dəstəkçilərinin, ortaqlarının hamısı ən sərt şəkildə cəzalandırılmalıdır:
"DTX-nin Müdafiə Nazirliyində həyata keçirdiyi həbsləri təqdir edir və bunun genişləndirilərək Ordumuzun içərisində böyük bir təmizləmə əməliyyatına çevrilməsini çox arzulayırıq".
Elxan Şükürlü qeyd edib ki, ordumuz oğrulardan və xainlərdən mütləq təmizlənməli, bu qurum həqiqi dövlət və vətən sevgisi daşıyıcılarına, dürüst və peşəkar hərbçilərimizə əmanət edilməlidir.
Mehman