Newscenter.az.13.02.2022. Bu gün İmişli rayonuna səfər etdik. Vətəndaşlarla söhbətdən belə başa düşdüm ki, icra başçısının iki il əvvəl həbs edilməsinə baxmayaraq vəziyyətdə yaxşılığa doğru elə bir dəyişiklik yoxdur.
Newscenter.az xəbər verir ki, bu fikirləri REAL Partiyasının sədri İlqar Məmmədov səsləndirib. O bildirib ki, insanlar əsasən dövlət resurslarının ədalətsiz bölüşdürülməsindən narazıdır:
"Yəni dövlətin nəzərdə tutduğu sosial imtiyazlar, yardımlar və s. rüşvət əsasında əldə edilir. Geniş iqtisadi mənada söhbət neft gəlirlərindən gedir, çünki bu yardım və imtiyazların iqtisadi dayağı büdcənin neft gəlirləridir. Eyni zamanda, potensial olaraq yeni sərvət yaratmalı olan sərmayə rejimi də bərbaddır - bütövlükdə ölkədə olduğu kimi və ya daha da pis. Qadın haqları dəhşətli dərəcədə pozulur. Kənd qızlarını 14 yaşından kütləvi şəkildə ərə verirlər və dövlət əl-qolunu sallayıb heç nə eləmir".
REAL sədri qeyd edib ki, 27 min əhalisi olan şəhərdə bir dənə düz-əməlli kitab mağazası yoxdur:
"Cəmi 4 xıp-xırda dükan var, onlar da ancaq dərslik və test satır. Mədəni həyat və inkişaf deyilən şey rayonda yoxdur. 80 saylı İmişli-Beyləqan dairəsi təkrar parlament seçkisi keçirməli olan dairələrdən biririr. Burada da namizəd irəli sürməyi nəzərdən keçirəcəyik".
Mehman