Newscenter.az.13.02.2022. Rusiyanın Ukraynaya hücum planı və gərginləşən vəziyyət bir çox dövləti seçim qarşısında qoyub. Belə dövlətlərdən biri də Yaponiyadır. Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdə rəsmi Tokio Qərb ölkələri qədər Rusiyaya qarşı sərt sanksiyalar qəbul etmədi. Çünki Yaponiya Rusiya ilə Kuril adalarınyla bağlı danışıqlarda müsbət nəticəyə ümid edirdi. Yaponiyanın 20 ildə dəyişən baş nazirləri Kremli inandırmağa çalışırdılar ki, Rusiyaya aid olmayan 4 adanı yiyəsinə qaytarmaq və bunun əsasında iki ölkə arasında sülh sazişi imzalamaq lazımdır.
Kreml Tokionu xeyli müddət süründürdü. Tokio güzəştə gedərək heç olmazsa SSRİ ilə Yaponiya arasında 1956-ci ildə imzalanan sazişin yerinə yetirilməsini gümdəmə gətirdi. Həmin sazişə görə dörd adadan ikisi Yaponiyaya qaytarılmalı və iki ölkə arasında sülh sazişi imzalanmalı idi. Ancaq Rusiya buna da getmədi və əksinə yeni Konstitusiyaya “torpaq güzəşti olmayacağına” dair bənd əlavə etdi. Bu halda Tokionun adaların geri qaytarılmasına olan ümidləri daha da azaldı.
Buna baxmayaraq, Tokio Moskva ilə dialoqdan imtina etməyib. Rusiya-Çin ittifaqı Tokionun maraqlarına cavab vermir. Tokio üçün qonşu Rusiya təhlükə deyil. Yaponiya onun üçün əsas təhlükə mənbəyinin Çin və Şimali Koreya olduğunu qəbul edir. Tokio ilə dialoqu davam etdirmək Kremlin də maraqlarına cavab verir. Bununla Kreml Çin siyasətini nisbətən balanslaşdırılmış olur. Kremlin Dehli ilə dialoqu da bu amilə əsaslanır. Ancaq Dehli və daha çox Tokio Vaşinqtonu strateji tərəfdaş kimi qəbul edirlər. Odur ki, Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, Tokio bu dəfə Vaşinqtonun yanında yer alacaq.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri