Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Baktelecom” “Code and More” elektronika təlimində məktəblilərə dəstək oldu



Newscenter.az.14.02.2022
. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Code and More” təqaüd proqramı çərçivəsində təlim alan məktəblilərlə “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) əməkdaşlığa başlayıb.

Newscenter.az xəbər verir ki, 20 nəfərdən ibarət “Uşaq elektronikası” komandası paylayıcı telekommunikasiya şkafları üçün “Optik monitorinq” layihəsi üzərində çalışır.

Layihə çərçivəsində hazırlanan cihaz ərazidə optik şkaflara kənar müdaxilələr zamanı mərkəzə bildiriş siqnalı göndərəcək. Beləliklə, detektor vasitəsi ilə rabitə qurğularına icazəsiz və arzuolunmaz giriş haqqında anında xəbərdarlıq imkanı yaranacaq.

“Optik monitorinq” layihəsinin mart ayında tam şəkildə təhvil verilməsi və tətbiqi nəzərdə tutulub.

“Baktelecom” məktəblilərin bilik və bacarıqlarının inkişafına yönləndirilmiş təlim proqramlarına dəstəyini davam etdirəcək.
Məlumat üçün bildirək ki, “Code and More” təqaüd proqramı çərçivəsində elektronika, avtomatika (hardware) və bulud texnologiyaları (software) laboratoriyaları qurulub və peşəkar təlimlər həyata keçirilir.

“Bakı Telefon Rabitəsi” MMC haqqında
1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib. 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.

“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə müasir simli və simsiz texnologiyalar vasitəsilə telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra telekommunikasiya xidmətləri göstərir. Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.

Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “AzEuroTel” MMC fəaliyyət göstərir.

Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.

“Baktelecom” haqqında veb-saytımız https://www.baktelecom.az/ üzərindən ətraflı məlumat ala bilərsiniz.

Sevinc
Xəbəri paylaş