Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova: “Milli Məclisin deputatlarına qarşı əsassız ittihamlarla çıxış etmək Ramiz Mehdiyevə başucalığı gətirmir”



Newscenter.az.14.02.2022. Hazırda Azərbaycan dövlətçilik və müstəqillik tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı 44 günlük Vətən müharibəsi zəfərlə başa çatıb, dövlətimizin ərazi bütövlüyü təmin olunub. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın işğaldan azad edilməsi ölkəmizin qarşısında tamamilə yeni perspektivlər açıb. Bu gün ölkə həyatının bütün sahələrində əsaslı islahatlar aparılır. İşğaldan azad etdiyimiz torpaqlarımızda sürətli bərpa və quruculuq işləri gedir. Ölkəmizdə aparılan bu islahatlara, görülən işlərə Milli Məclis də öz səlahiyyətləri çərçivəsində töhfələrini verməkdədir.

Lakin təəssüf ki, bəzi qüvvələr Milli Məclisin fəaliyyətini kölgə altına salmağa çalışaraq onun deputatları haqqında əsassız məlumatlar yaymaqla məşğuldurlar. Akademik Ramiz Mehdiyevin başçılıq etdiyi Milli Elmlər Akademiyasının Mətbuat xidmətinin adından yayılan bəyanatda azad, demokratik seçki mühitinin mövcud olduğu Azərbaycanda millət vəkillərinin “təyin edildiyini” iddia etmək hər şeydən əvvəl dövlətimizin imicinə vurulan zərbədir. Bu zərbənin isə uzun illər ölkəmizdə Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev tərəfindən vurulması ikiqat təəssüf hissi doğurur.
Bu gün Milli Məclis qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq parlament təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, müxtəlif ölkələrlə parlamentlərarası münasibətlərin genişləndirilməsi, parlament diplomatiyasının inkişafı və digər sahələrdə aktiv fəaliyyət göstərir. Çoxsaylı partiyaların təmsil olunduğu bugünkü Milli Məclisin qəbul etdiyi qanunlar və qərarlar ölkə həyatının bütün sahələrini əhatə edir. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Milli Məclisin deputatları daim seçicilərlə, şəhid ailələrinin üzvləri və qazilərlə mütəmadi görüşlər keçirir, onları düşündürən məsələlərin həllində yaxından iştirak edirlər.

Belə bir şəraitdə Milli Məclisin deputatlarına qarşı əsassız və böhtan xaralterli çıxışlar etmək Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini daşıyan Ramiz Mehdiyevə başucalığı gətirmir. Çünki deputatlar minlərlə seçiciləri, ümumilikdə isə bütün Azərbaycan xalqını təmsil edirlər. Dövlətimizin sütunlarından biri olan qanunvericilik hakimiyyətinə - Milli Məclisə qarşı bu cür mənfi münasibət göstərmək düşmən dəyirmanına su tökmək deməkdir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş