Newscenter.az.14.02.2022. Milli Məclisin deputatı Könül Nurullayeva "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilən "Gənc Liderlər üçün Qış Universiteti"nin üçüncü günündə "Gənclər siyasəti, gender bərabərliyi və ictimai fəaliyyət" mövzusunda görüşdə iştirak edib.
Newscenter.az xəbər verir ki, K.Nurullayeva görüş zamanı layihə iştirakçısı olan gənclərlə mövzu ətrafında fikir mübadiləsi aparıb, səsləndirdikləri sualları cavablandırıb.
Belə ki, millət vəkili Könül Nurullayeva ilk olaraq ölkəmizdə həyata keçirilən gənclər siyasətindən bəhs edib. Bildirib ki, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. K.Nurullayeva, eyni zamanda ölkəmizin idman və musiqi sahəsində beynəlxalq arenada əldə etdiyi uğurlardan, 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan edildiyindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş “qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə geniş imkanlar yaradır. Könül Nurullayeva “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncamları misal kimi göstərib.
Könül Nurullayeva daha sonra isə Azərbaycan qadınlarının ictimai-siyasi proseslərdə həmişə fəal olduğunu qeyd edib. Buna misal olaraq, Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adı verilməsini göstərib. Həmçinin o, qanunverici orqanın rəhbərliyində qadın spikerin təmsil olunmasına, parlamentin üzvləri arasında isə zərif cinsin kifayət qədər nümayəndəsinin olduğuna diqqət çəkib. Könül Nurullayeva ölkəmizdə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman, eləcə də “Gender bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul olunduğu bildirib. Millət vəkili bütün bunları Azərbaycanda qadına verilən yüksək qiymətin göstəricisi kimi qiymətləndirib.
Könül Nurullayeva bildirib ki, bizim gələcəyimiz olan gənclərlə bir arada olmaq, onlara dəstək olmaq mənim üçün hər zaman xoşdur. Millət vəkili, həmçinin dövlətimizin inkişafı üçün ən önəmli faktorlardan biri olan gənclərimizin həmrəyliyinin bizi parlaq gələcəyə doğru aparacağına əminliyini ifadə edib.
Sonda isə deputat Könül Nurullayeva tədbirin uğurlu təşkil olunmasında əməklərinə görə "Davam" Gənclər Hərəkatı başda olmaqla Azərbaycan Gənclər Fonduna, Naftalan Şəhər İcra Hakimiyyətinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkürünü bildirib, layihənin hər bir iştirakçısına gələcək fəaliyyətlərində bol-bol nailiyyətlər arzulayıb.
Ruhiyyə