Newscenter.az.14.02.2022. Gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir. Genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələri iştirak ediblər. Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan “Yaşma” yarımstansiyası Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün dəmir-beton və metal-konstruksiyaların aşınması, həmçinin uzunmüddətli istismar nəticəsində avadanlığın köhnəlməsi, izolyasiya parametrlərinin pisləşməsi tez-tez qısaqapanma hadisəsinin baş verməsinə səbəb olurdu. Bundan əlavə, sistem qəzalarının başvermə ehtimalı və sürətlə artan tələbatı ödəyə bilməməsi ilə əlaqədar yarımstansiya Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulub. Spesifik sahə olduğundan yenidənqurma işləri yerli mütəxəssislər tərəfindən növbətçilik əsasında, elektrik gərginliyi saxlanılmaqla aparıldığı üçün yarımstansiyanın fəaliyyətində fasilə yaranmayıb.“Sumqayıt”, “Qobu”, “Xaçmaz” elektrik stansiyaları ilə birbaşa, “Azərbaycan” İstilik Elektrik Stansiyası və “Cənub” Elektrik Stansiyası ilə isə “Abşeron” yarımstansiyası vasitəsilə əlaqələndirildiyindən çox mühüm strateji funksiyanı üzərinə götürən “Yaşma” qovşaq yarımstansiyasının “Qobu” Enerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və tikintisinə başlanılacaq yeni “Yaşma” Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılıb.
“Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Azərbaycanda enerji sahəsində böyük işlər görülüb. Nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir. Ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir. Həm artan daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat yeni addımların atılmasına sövq edir. Azərbaycanda öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və texniki imkanlarından xəbər verir. Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir. Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub. Son illər ərzində əsaslı dəyişiklərə nail olunub.
Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilər. Dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti bərpaolunan enerji növlərinə sərmayə qoyur. Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələri artıq görünür. Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcəkdir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Azərbaycanın bərpaolunan enerji potensialı artır. “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. İcra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdirlər. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Əlbəttə ki, bütün bu layihələr Azərbaycana ixracla bağlı öz fəaliyyətini genişləndirmək və yeni ixrac bazarlarına çıxmaq imkanları verəcək.
Namiq Əhmədov-YAP Xəzər rayon təşkilatının sədri