Newscenter.az.14.02.2022. "2021-ci ildə qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 47,2% artıb. İndiyə qədər qeyri-neft sektoru üzrə belə statistik göstərici elan edilməmişdi".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, ixracın strukturuna nəzər salsaq, göstəricilər arasında neft məhsullarından xammal kimi istifadə edilmiş ixrac məhsulları ciddi üstünlük təşkil edir:
"Belə ki, plastmas və ondan hazırlanmış məhsullar 170% (2.7 dəfə), kimya məhsulları 190% (2.9 dəfə) artmışdır. Sonrakı artım aliminium və ondan hazırlanmış məhsullar 66%, pambıq lifi 58%, kənd təsərrüfatı məhsulları və onların email 19%, elektrik enerjisi 16%, “digər” kateqoriyasına daxil olan məhsullar isə 54% artmışdır".
Ekspertin sözlərinə görə, rəqəmlərə baxanda görürük ki, neft məhsullarından xammal kimi istifadə edilən sahələrdə artım dinamikası ciddi üstünlük təşkil edir:
"Bu halın ən yaxşı tərəfi odur ki, biz neftimizi təkcə “xalxın” son məhsul istehsal etməsi üçün çıxarmırıq, artıq özümüz də öz neftimizdən kimya sənayemiz və xüsusi parklarımız vasitəsilə son məhsul hazırlayırıq. Bu strategiyanın inkişaf etdirilməsi həm daxili istehsal üçün yararlıdır, həm birjalarda neft qiymətlərinin enişinə qarşı dayanaqlılığımızı artırar, həm bu sahələrdə məşğulluğa ciddi dəstək olar, həm də ətrafındakı digər sahələri qidalandırar".
Mehman